15 Yanvar 2018

Ümumdünya Su-bataqlıq Günü

 

Hər il dünyada fevral ayının 2-si Su-bataqlıq əraziləri günü kimi qeyd edilir. Daha çox suda üzən quşların əsas mənbəyi olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında konvensiya 2 fevral 1971-ci il tarixində Ramsarda (İran) imzalanıb. Konvensiyanın əsas məqsədi dünyada davamlı inkişafın əldə olunmasında bir vasitə kimi su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaqdır.

 

Hal-hazırda bu konvensiyaya 144 ölkə qoşulub. Respublikamızda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Sahəsi 1000 hektardan böyük olan bu sahələrin sayı isə təqribən 17-yə yaxındır. Qızılağac Dövlət Təbiət Qoruğu, Ağ göl və Şirvan Milli parkları, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahil boyu hissələri belə ərazilərə aiddir. Hər il bu ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.

 

"Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyası 2001-ci il iyulun 18-də ratifikasiya edilib. 2003-cü il 5 iyul tarixində isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar siyahısı"-na daxil edilib.

Bİzə qoşul