İki illik hesabat

“Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində
 iki illik HESABAT

May 2014 – May 2016

 

2014-cü ilin 5 may tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramına start vermişdir.

Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti (bütün mobil operatorlar və şəhər nömrələrindən - 1113) və xüsusi mobil qrup yaradılmışdır. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İctimai Birliyinə çatdırırlar. Mobil qrup daxil olan şikayətləri yerində araşdırır, problemlə bağlı əlavə sübutlar, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə aidiyyəti tədbirlər görür.

Ötən dövr  ərzində qanunsuz ağac kəsilməsi halları ilə bağlı IDEA İctimai Birliyinə Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 202 müraciət daxil olmuşdur. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir müraciət ayrı-ayrılıqda baxılmış, müvafiq qaydada sənədləşdirilmişdir. Bununla yanaşı, hər bir müraciət anket formasında hazırlanmış və hadisə yerində çəkilmiş fotoşəkillər və təfsilatlı məlumatla birlikdə IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Hər bir anketə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər də əlavə olunur.

İctimaiyyəti proqramın fəaliyyəti barəsində məlumatlandırılması çərçivəsində hər altı aydan bir müvafiq hesabatlar dərc olunur. Araşdırma zamanı müxtəlif ərazilərdə hüquqi və fiziki şəxslər tərəfindən qanunsuz olaraq ağacların kəsilməsi və zədələnməsi, yaşıllıq ərazilərində tikinti işlərinin aparılması faktlar aşkar olunmuşdur. Aşkar edilmiş faktlar üzrə qanun pozuntusuna yol vermiş şəxslər barədə aidiyyəti qurumlar tərəfindən akt və protokollar tərtib olunaraq inzibati cərimələr tətbiq edilmiş, zəruri tədbirlərin görülməsi üçün şəhər, rayon İcra Hakimiyyətlərinə, hüquq mühafizə orqanlarına rəsmi müraciətlər edilmişdir.


Daxil olmuş müraciətlər əsasında görülmüş işləri aşağıdakı kateqoriyalara bölmək olar:



5, 24, 25, 28, 32, 40, 50, 51, 53, 55, 59, 69, 72, 77, 98, 100, 102, 120, 122, 147, 159, 172, 178, 187, 190 saylı müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində qanunsuz ağac kəsilməsi halları aşkar edilmiş və bunun nəticəsi olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif fiziki və hüquqi şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92.2, 92.3.1, 92.3.2, 110, 113.1.1, 319, 253.2, 253.3.1 maddələrinə uyğun olaraq cərimələnmişlər. Cərimələr Ətraf Mühitin Mühafizə üzrə Dövlət Fonduna köçürülmüşdür. Sözügedən Fond ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi və s. tədbirlərin maliyyələşdirilməsini həyata keçirir.


Qeyd edək ki, 172, 178, 187, 190 saylı anketlərdə cərimələr Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş İnzibati Xətalar Məcəlləsinin (253.2, 253.3.1 saylı maddələr) əsasında tədbiq edilmişdir.

                                     
2, 8, 30, 74, 57, 26, 79, 89, 92, 99, 101, 133, 137, 139, 141, 148, 149, 153, 176, 179, 197, 199 saylı müraciətlər Bakı şəhərinin küçə və xiyabanlarında, yaşayış binalarının ətrafında insan həyatı üçün təhlükə mənbəyinə çevrilən, eləcədə yaşayış binalarına qəza faktoru yaradan yaşı ötmüş, gövdəsi zədəli, qurumuş ağaclar haqqında olmuşdur. Bu ağacların əksəriyyəti qovaq cinsindən olan ağaclardır. Onların hündürlüyü 25-30 metrə çatır və kök sistemi qısa zamanı ərzində eroziyaya uğrayır. Orta sürətli küləyin təsiri nəticəsində belə ağaclar qəfil aşır və insan həyatına təhlükə törədir. Qeyd olunanları nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında hündürlüyü 10-12 metrdən yuxarı olan, həmçinin gövdəsi əyilmiş, çürümüş, qəzalı olaraq təhlükə yaratması gözlənilən qovaq cinsli ağacların (tam qurumuşları kəsilməklə) təhlükəsiz şəkildə budanması təmin edilmişdir.



2, 3, 4, 10, 52, 57, 49, 68, 99, 106, 113, 126, 129, 154, 161, 166, 171, 180 saylı müraciətlər dövlət əhəmiyyətli tikinti işləri (uşaq bağçaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binaları, dövlət müəssisələrinin tikintisi, yol çəkilməsi və genişləndirilməsi) ilə əlaqədar yaşıllıqların zədələnməsi ilə əlaqədar olmuşdur. Bununla əlaqədar, tikinti sahəsinə düşən, diametri 32 sm-dən kiçik zeytun, sofora, şam, çinar, qovaq, tuya, sərv, iydə, ərik, tut, meliya cinslərindən olan 313 ədəd ağac qorunmaq məqsədilə başqa ərazilərə köçürülmüşdür. Köçürülmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və aidiyyəti qurumlar ilə müqavilə əsasında, mövcud qanunvericiliyinin tələblərinə uyğun, eyni zamanda təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilmişdir. Belə ki, köçürülməzdən əvvəl nisbətən böyük ölçüdə olan ağacların peşəkar mütəxəssislər tərəfindən aqrotexniki tələblərə uyğun olaraq budanması, onlara qulluq edilməsi, qurumuş ağacların yerində həmin cinslərdən olan yeni ağacların əkilməsi kimi qaydalarına ciddi nəzarət olunmuşdur. Köçürülməsi mümkün olmayan, qurumuş, ərazidə layihə altına düşən, yaşı ötmüş və iri həcmli (32-36 sm diametr ölçüsündən yuxarı) ağacların (sofora, iydə, şam) müstəsna hal olaraq kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmışdır. Lakin kəsilmiş ağacın hər birinin əvəzinə 10 ədəd həmin cinslərdən yeni ağaclar əkilmişdir.


11, 33, 53, 57, 58, 93, 109, 122, 125, 135, 162, 163, 167, 192 müraciətlər əsasında IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin müxtəlif hissələrində ağacəkmə aksiyaları keçirilmişdir. Aksiyaların keçirilmə səbəbi ağacların kəsilməsi, yanğın nəticəsində məhv olması faktlarının qeydə alınması olmuşdur. Aksiyalar zamanı sərv, şam, şərq çinarı, tut cinslərindən olan 153 ədəd ağacın əkilməsi, məhv edilmiş yaşıllıqların bərpası, yeni parkların salınması, yaşıllıq zolaqlarının və qazonların salınması işləri həyata keçirilmişdir.



19, 20, 21, 22, 34, 35, 37, 39, 78, 82, 90, 91, 95, 103, 104, 110, 124, 125, 142, 143, 152, 156, 183 müraciətlərin nəticəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında Bakı şəhər Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri tərəfindən yaşıllaşdırma işləri ilə əlaqədar olaraq paklarda, yolun kənarında müvafiq qaydalara uyğun olaraq ağacların budanılması və abadlıq işləri aparılmışdır.



9, 38, 44, 45, 61, 75, 83, 94, 105, 111, 115, 118, 123, 130, 136, 138, 151, 158, 160, 181, 182, 194, 196 anketlərdə göstərilmiş müraciətlərin araşdırılması zamanı heç bir sənəd əldə etmək mümkün olmadığı üçün həmin ərazi ilə bağlı hüquq mühafizə orqanlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən yerində tərtib olunmuş akt və rəsmi məktub ilə müraciətlər olunmuşdur.


6, 15, 17, 54, 62, 84, 85, 134, 145, 155 saylı müraciətlər xüsusi mülkiyyətdə olan ərazilərdə məhv olunan yaşıllıqlarla bağlı olmuşdur. IDEA İctimai Birliyi aidiyyəti qurumlar və mülkiyyətçilərlə birlikdə bu müraciətlərdə əks olunan narahatlıqların həlli yolları barədə məsləhətləşmələr aparmış və əksər hallarda ağacların köçürülməsi və ya məhv edilmiş yaşıllıqların bərpasına nail olunmuşdur.



1, 7, 12, 13, 14, 16, 18, 23, 27, 29, 35, 36, 41, 42, 43, 46, 47, 48, 56, 60, 65, 64, 63, 66, 67, 70, 71, 73, 80, 81, 86, 87, 88, 96, 97, 107, 108, 112, 114, 116, 117, 119, 121, 127, 128, 131, 132, 140, 144, 146, 150, 157, 170, 173, 174, 175, 188, 189, 195, 198, 200, 202 saylı müraciətlər potensial ağac kəsilməsi halları barədə olmuşdur. Belə ki, həmin ərazilərə baxış keçirilərkən ağac kəsintisi faktı aşkar edilməmişdir. Bununla belə kəsilmə ehtimalı olan ərazilər nəzarətə götürülmüşdür. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin ərazilərdə təhlükə altında olan ağacların qeydiyyatı aparılaraq akt tərtib edilmişdir. IDEA İctimai Birliyi tərəfindən müvafiq Bakı və rayon İcra Hakimiyyətlərinə məktublar ünvanlanmışdır. Bu akt və məktubların əsasında İcra Hakimiyyətləri tərəfindən sözügedən ərazilərdə mövcud yaşıllıqların qorunması istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıq verilərək ərazilərin nəzarətə götürülməsi təmin edilmişdir.

Daxil olmuş müraciətlər və görülmüş işlər barədə geniş məlumatı IDEA İctimai Birliyinin mütəmadi olaraq, yenilənən internet səhifəsindən əldə etmək mümkündür (www.ideacampaign.org/az/first_aid_to_the_nature/).

Ölkəmizdə müşahidə olunan intensiv iqtisadi inkişaf fonunda aparılan irimiqyaslı təmir-tikinti işləri, günbəgün çoxalmaqda olan sənaye müəssisələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sayının artması və digər amillər ətraf mühitə təsirsiz ötüşmür. Bu baxımdan, IDEA İctimai Birliyi insan sağlamlığının qorunması, ekoloji tarazlığın saxlanılması və şəhərin estetik gözəlliyinə xidmət edən ağac və yaşıllıqların mühafizəsini daima nəzarətdə saxlayır.



IDEA İctimai Birliyi “Ağacların kəsilməsinə yox!” proqramına verdikləri dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, müvafiq İcra Hakimiyyətlərinə və ekoloji problemlərə biganə qalmayan vətəndaşlara dərin təşəkkürünü bildirir.

IDEA İctimai Birliyi bir daha vətəndaşları rastlaşdıqları qanunsuz ağac kəsilməsi hallar barədə bütün mobil operatorlardan və şəhər nömrələrindən 1113 qaynar xəttinə zəng edərək, İctimai Birliyə məlumat verməyə çağırır.

 

 

 

Bİzə qoşul