30 Sentyabr 2016

Leyla Əliyeva Bakı Humanitar Forumunda “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı dəyirmi masanın rəhbəri qismində çıxış edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Humanitar Forumunda “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı dəyirmi masanın rəhbəri qismində çıxış edib.

 

Leyla Əliyeva tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və təbiəti barədə danışarkən ölkəmizin Şərq və Qərb arasında, tarixi İpək yolunun üstündə yerləşməsinə diqqət çəkib və bu amilin Azərbaycanda zəngin mədəniyyətin formalaşmasına təsir etdiyini bildirib.

 

Leyla Əliyevanın sözlərinə görə, ətraf mühitin mühafizəsi hökumətin başlıca vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, xüsusilə də gənclərin bu prosesdə iştirakı zəruridir. Vətəndaş cəmiyyətinin nümayəndəsi, gəncliyin və ətraf mühitin müdafiəsi üzrə fəallar adından çıxış edən Leyla Əliyeva 2011-ci ildə təsis olunan IDEA İctimai Birliyinin fəaliyyəti və nailiyyətləri, o cümlədən gənclərin maarifləndirilməsi, təşkiların layihəsi çərçivəsində ölkədə 5 milyondan artıq ağac əkilməsi, biomüxtəlifliyin mühafizəsi üzrə görülmüş tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, IDEA-nın “Bir planet – bir gələcək” şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaşayan gəncləri təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib.

 

Leyla Əliyeva “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı dəyirmi masanın mövzusuna toxunarkən təbiətin min illiklər boyu sivilizasiyalar tərəfindən istismar edildiyinə və bunun nəticəsində hazırda planetimizin təhlükə altında olduğuna diqqət çəkib. Bildirib ki, irqindən, dinindən, adət-ənənəsindən asılı olmayaraq, hər kəs eyni planeti və ümumi gələcəyi bölüşür və ətraf mühit problemləri qətiyyən sərhəd tanımır.

 

Leyla Əliyeva təbiətin itkilərinin artıq illərlə deyil, dəqiqələrlə ölçüldüyünü diqqətə çəkib və insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin məhvi barədə danışıb.

 

Müşahidə olunan ekoloji təhdidlərə baxmayaraq, son illərdə beynəlxalq ictimaiyyət tərəfindən ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mühüm addımlar atıldığı, o cümlədən Paris bəyannaməsi və davamlı inkişaf məqsədləri istiqamətində nailiyyətlər əldə olunduğu bildirilib. Bu fəaliyyətin nəticəsində əldə olunan uğurlar sırasında pandanın populyasiyasının artırıldığı və bu cinsin “nəsli kəsilmək təhlükəsi” kateqoriyasından çıxdığı qeyd olunub.

 

Leyla Əliyeva oxşar uğurun ölkəmizdə də əldə edildiyini vurğulayıb. Belə ki, 5 il əvvəl IDEA və tərəfdaşlarının ceyranların reintroduksiyası üzrə başladığı proqram nəticəsində ceyranların sayı bir neçə ildə dəfələrlə artırılaraq 6 minə çatıdırılıb və nəslinin kəsilməsi təhlükəsindən xilas edilib. Leyla Əliyeva hazırda təhlükə altında olan Qafqaz bəbiri və Xəzər nərəkimilərinin mühafizəsi üzrə də işlər aparıldığını bildirib.

 

Leyla Əliyeva  çıxış zamanı xoşməramlı səfiri olduğu FAO-nun “Sıfır Aclıq” təşəbbüsündən də danışıb. Qeyd edib ki, artıq qlobal problemə çevrilən yoxsulluq və aclığın aradan qaldırılması, xüsusilə də uşaqların qida çatışmazlığı və susuzluqdan əziyyət çəkməməsi üçün bütün dövlətlərin birgə səy göstərməsi zəruridir.

 

Leyla Əliyeva gələcək nəsillər üçün yaşıl və təhlükəsiz planetin təmin edilməsi üçün hər kəsi təbii resurslardan səmərəli istifadə etməyə və təbiətə qarşı qayğıkeş olmağa çağırıb.

 

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul