22 Sentyabr 2017

Bakıda "Ümumdünya Avtomobilsiz Günü" qeyd olunub

"Ümumdünya Avtomobilsiz Günü" (World Carfree Day) ilə əlaqədar sentyabrın 22-də Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı və Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə Bakı şəhərində maarifləndirmə xarakterli kütləvi aksiyalar keçirilib.

 

Tədbir çərçivəsində əvvəlcə “İş yerinə velosipedlə!” şuarı altında veloyürüş keçirilib. 200 nəfərdən çox velosipedçi, skeytbordçu və rollerin iştirakı ilə keçirilən yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadə edilməsini, eləcə də piyada gəzməyi təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə vermək olub.

 

Veloyürüş “Azneft” dairəsindən başlayıb Heydər Əliyev Mərkəzində başa çatıb. Daha sonra tədbir Mərkəzin parkında maarifləndirici və əyləncəli proqramlarla davam etdirilib. Burada ekstrim velosipedçi və skeytbordçuların şousu, uşaqlar üçün velosiped təlimləri, velosipedlərdən təhlükəsiz istifadə ilə bağlı məlumatlandırma xarakterli oyun və bilik müsabiqələri, Azərbaycanda istehsal olan "ISMA BIKES" velosipedlərinin sərgisi, velodizayner Rafael Həmidoğlunun hazırladığı qeyri-adi əl işi velosipedlərinin nümayişi, musiqi və digər sürprizlər təqdim olunub.

 

Ətraf mühitin mühafizəsinə həsr edilmiş “Ümumdünya Avtomobilsiz Günü”nü geniş miqyasda qeyd etmə ənənəsi ilk olaraq 1997-ci ildə Böyük Britaniyada yaranıb. Hazırda bu aksiyaya dünyanın təxminən 35 ölkəsində 1500-dən çox şəhər qatılır.  Məlumdur ki, avtomobillərdən atmosferə atılan maddələrin tərkibində 200-dən çox zəhərli komponent, o cümlədən bioloji aktiv maddələr var. Bu isə atmosfer çirklənmələrinə və insan orqanizminə mənfi təsirlərə gətirib çıxarır. Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadəyə təşviq edirlər.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul