24 Sentyabr 2021

Bilgəh çimərliyində daha bir möhtəşəm təmizlik aksiyası baş tutub

Ölkədə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sentyabrın 24-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.

 

Karantin rejiminin qaydalarına əməl olunmaqla Bilgəh çimərliyində keçirilən aksiyada 100 yaxın könüllü iştirak edib. 1 oktyabr - “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibəti ilə aksiyaya Baş Prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və prokurorluq əməkdaşları qatılıb.

 

“Sahillər təmiz qalsın” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

 

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən çimərliyin 2 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub, toplanmış tullantılar çeşidlənərək təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul