03 İyun 2019

“Bizim həyət” - Xətai rayonu, İlqar Zülfüqarov küçəsi

IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında iştirak edib. 

 

Tədbir zamanı balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.  Eyni zamanda, həyətdə uşaqlar üçün yeni salınmış oyun meydançası, maraqlı attraksion, sürüşkən və yelləncəklər onların böyük sevincinə səbəb olub. Cizgi film qəhrəmanları (maskotlar) və animatorların da qoşulduğu tədbir zamanı uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

 

Uşaqlar bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş edərək mahnı və rəqslər təqdim ediblər.

 

Qeyd edək ki, yenilənmiş həyət Xətai rayonu, İlqar Zülfüqarov küç. 107, 109, 111, 113 ünvanlarında 2000 nəfərə yaxın sakinin yaşadığı 4 ədəd 9 mərtəbəli binaları əhatə edir.

  

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 1 ədəd şahmat meydançası, idman qurğuları, 4 ədəd söhbətgah və oturacaqlar quraşdırılmışdır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

 

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

 

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi dördüncü həyətdir.

 

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

 

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul