16 Sentyabr 2017

Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu

16 sentyabr tarixində IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən 8-ci ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilmişdir. Aksiya Buzovna çimərliyi ərazisində keçirilmişdir.

 

200 nəfərdən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

 

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 4 tondan çox tullantı toplamışlar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilmişdir. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da (kiçik traktorlar) cəlb olunmuşdur. Daha sonra, bütün tullantılar ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir.  

 

Əvvəlki aksiyalarda olduğu kimi, bu dəfəki tədbir də ictimaiyyətin geniş marağına səbəb olmuş,  özəl şirkətlər və ölkəmizdəki diplomatik nümayəndəlikləri təmsil edən şəxslər, Bakı Dövlət Universiteti, Azerbaycan Diplomatik Akademiyasi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və orta təhsil müəssisələrindən olan gənclər IDEA-nın təşəbbüsünə könüllü olaraq qoşulmuşlar.

 

Öz fəaliyyətində maarifləndirməyə xüsusi önəm verən IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları  təşkil edir.

 

Tullantıların ətraf mühitə törətdiyi mənfi nəticələri, o cümlədən tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkiləri nəzərə alaraq, IDEA İctimai Birliyi və Təmiz Şəhər ASC hər kəsi Planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul