20 İyul 2018

"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi uğurla başa çatıb

18-20 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirilib. Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və s. kəndlərindən 60-a yaxın məktəbli iştirak etmişdir.

 

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə etmişlər. Uşaqlar, həmçinin müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edib, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası” adlı sənədli filmi izləyiblər.

 

Növbəti gün, gənclərin Qax rayonunda ceyranların reintroduksiya edildiyi ərazilərə, həmçinin Ləkit kəndində yerləşən, 2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə edilən və "Mamırlı" şəlaləsi adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası təşkil edilmişdir. Daha sonra gənclərlə birgə Qum kəndində yerləşən meşəlik ərazisində və Ərdəva çayında bəzi ekoloji oyunlar təşkil edilmiş və tədqiqatlar aparılmışdır.

 

Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

 

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanmış və hal-hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilmişdir və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranlarının sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə uğurlu fəaliyyətin nəticəsi olaraq, hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

 

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak etmişdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul