24 Fevral 2018

Uşaqlar üçün ekoloji laboratoriya - fevral təlimi

24 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilmişdir.

 

Təlimin mövzusu BMT-nin 6-cı (təmiz su və sanitariya) və 14-cü (dəniz ekosisteminin mühafizəsi) Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmişdir.

 

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün vacibliyindən bəhs edilmişdir. “Kiçik ekoloqlar”, həmçinin suya qənaət, su hövzələrinin təmiz saxlanması, dəniz ekosisteminin qorunması yolları ilə də tanış olmuşlar.

 

Bununla yanaşı, gənc təbiətsevərlər su ilə bağlı əyləncəli bilik yarışmalarında, suyun tərkibini izah edən bir sıra sınaqların keçirilməsində iştirak etmiş, eksperimentlər vasitəsilə suyun necə təmizləndiyini izləmişlər. “Eko laboratoriya”nın iştirakçılarına BMT-nin Dayanıqlı inkişaf Məqsədlərini daha sadə və əyləncəli yolla izah etmək, daha rahat qavramalarına kömək etmək üçün xüsusi rəngləmə  vərəqləri paylanıb.

 

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələri baxımından əlamətdar olmuşdur.
 
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul