17 İyul 2021

"Plastiksiz iyul" hərəkatı çərçivəsində alıcılara eko-çantalar paylanılıb

Daha təmiz və sağlam gələcək qurmaq naminə IDEA İctimai Birliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə polietilen torbalardan istifadənin azaldılması üzrə aksiya keçirilib.

 

Aksiya zamanı "Koroğlu" m/s yaxınlığında yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara yüzlərlə eko-çantalar hədiyyə edilib. Aksiya, bütün dünyada milyonlarla insanın plastik çirklənməyə qarşı mübarizədə iştirakına kömək etmək məqsədilə keçirilən "plastiksiz iyul" hərəkatına dəstək xarakteri daşıyır.

 

Alıcıların böyük marağına səbəb olan tədbir zamanı IDEA könüllüləri tərəfindən vətəndaşlara eko-çantaların paylanması ilə yanaşı, plastikin təbiətə və insan orqanizminə zərərləri, birdəfəlik plastik əşyalardan istifadənin azaldılması üçün atılacaq sadə addımlar, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyi izah olunub. Sonda, plastik çirklənməyə qarşı mübarizənin effektiv təşkili məqsədilə paytaxt sakinlərinin tullantıların çeşidlənməsi, təkraremalı və təkraristifadəsinə münasibəti ilə bağlı sorğu keçirilib.

 

Qeyd edək ki, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra genişmiqyaslı layihələr həyata keçirilmiş və 3000 tondan çox kağız, 1000 tondan çox plastik tullantının toplanaraq təkrar emala göndərilməsinə nail olunmuşdur.

 

Böyük Britaniya hökuməti də plastiklərin azaldılması istiqamətində bir sıra mühüm işlər həyata keçirmişdir. 2015-ci ildə İngilitərədə iri supermarketlərdə plastik torbaların müştərilərə ödənişli təqdim olunmasından sonra bu cür torbaların satışı 95%-dən çox azalmışdır.

 

Məlumdur ki, plastik tullatıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 1 yanvar 2021-ci il tarixindən tam qadağan edilib. 1 iyul tarixindən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı qadağan olunub.

 

IDEA İctimai Birliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və BRAVO marketlər şəbəkəsi hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə birdəfəlik plastik əşyalardan, o cümlədən polietilen torbalardan imtina etməyə, ətraf mühitə zərər verməyən alternativ vasitələrə üstünlük verməyə və dayanıqlı həyat tərzini seçməyə çağırır. Gəlin,  plastik təhlükənin öhdəsindən gəlmək üçün güc və səylərimizi birləşdirək! Gəlin plastikə birgə qalib gələk!

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul