07 Oktyabr 2018

Ağgöl Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirildi

6-7 oktyabr tarixlərində IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Ağgöl Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

 

"Təbiətin keşiyində" düşərgələrinin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

 

Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 60 nəfər gənc qoşulub.

 

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Ağgöl Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Ağgöl Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, göl və onun ətrafında məskunlaşmış və adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş quşlar haqqında geniş məlumat verilib.

 

6 oktyabr - Ümumdünya Quşları Müşahidə Günü münasibətilə 500 mindən çox quşun qışladığı Milli parkın ərazisində eko-skautlarla birgə oturaq və köçəri quşların müşahidəsi aparılıb. Müşahidə zamanı gənclərə quşların sayında olan dinamikanın düzgün izlənməsi məqsədilə onların sayılma metodikası, sayğıların aparılması və hesabatların tərtib olunması izah edilib.

 

Gənclər üçün iki günlük düşərgə müddətində müxtəlif ekoloji mövzularda praktik təlimlər, yarışlar və müsabiqələr keçirilib, musiqili əyləncələr təşkil edilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda, o cümlədən parkur oyunlarında və s. iştirak ediblər.

 

Düşərgənin sonunda, iştirakçılar milli parkın ərazisində təmizlik aksiyası zamanı tullantıları toplayaraq çeşidləyiblər.

 

Qeyd edək ki, IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsinə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. “Eko-skaut” layihəsi çərçivəsində ilk düşərgə isə cari ilin may ayında Şirvan Milli Parkında keçirilib.

 

Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından “Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul