12 May 2016

IDEA və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əməkdaşlığa başladı

IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi sahələrində əməkdaşlığa başlamışlar.

 

Bu əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə 11 may 2016-cı il tarixində tərəflər arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ekoloji maarifləndirmənin gücləndirilməsi və ekoloji məsuliyyətin təbliği, yaşıllıqların qorunması və artırılması, təkrar emalın təşviqi və tullantıların səmərəli idarə olunması, biomüxtəlifliyin mühafizəsi və bərpası, ekoloji tədrisin gücləndirilməsi və digər sahələrdə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

IDEA İctimai Birliyi 2011-ci ildə, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji davamlılığın təşviqi məqsədilə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyeva tərəfindən təsis edilmişdir. Fəaliyyət göstərdiyi 5 il ərzində IDEA bir sıra mühüm milli və regional layihələr həyata keçirmiş, beynəlxalq tədbirlər təşkil etmiş və bu sahədə fəaliyyət göstərən aparıcı milli və beynəlxalq strukturlarla əməkdaşlıq əlaqələri qurmuşdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılmışdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq etdirilməsi, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsini həyata keçirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul