16 Oktyabr 2018

Ümumdünya Ərzaq Günü 2018

Oktyabrın 16-da Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

 

Bu il Ümumdünya Ərzaq Günü "Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada "Sıfır aclıq" mümkündür" (Our Actions are our Future. A #ZeroHunger world by 2030 is possible) mövzusuna həsr edilib.

 

Əvvəlcə tədbirin qonaqları Bakı Konqres Mərkəzində təşkil edilən #MənimAddımlarım (#MyActions) mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşrlər və bukletlərdən ibarət sərgi ilə tanış olub. Tədbir çərçivəsində təşkil edilən sərgiyə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələri də öz əlişləri ilə qoşulublar. Qeyd edək ki, sözügedən qruplar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində yaradılmışdır. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.

 

Tədbir IDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına (12 nömrəli Dayanıqlı İnkişaf Məqsədi - Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək) həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb.

 

Sonra qonaqlara FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

 

Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və AQTA-nın sədri Qoşqar Təhməzli çıxış edib.

 

Tədbir “Davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafına dəstək” mövzusunda panel müzakirələri və aqrobiznesdə fermerlərin uğur hekayələri haqqında videoçarxlarla davam edib.

 

FAO-nun 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixi Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir. Bu günə həsr edilən tədbirlərin əsas məqsədi dünyada aclıq və yoxsulluq problemləri haqqında maarifləndirmənin artırılmasından ibarətdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul