28 Fevral 2019

IDEA İctimai Birliyi gənclər arasında sağlam qidalanmanın təbliğatına başlayır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə orta məktəblərdə sağlam qidalanmanın təbliğatı üzrə layihəyə start verilib.  

 

Belə ki, IDEA İctimai Birliyi tərəfindən gənclər arasında sağlam və məsuliyyətli qida istehlakı vərdişlərinin təbliğ edilməsi məqsədilə Bakının orta məktəblərinin yuxarı sinif şagirdləri üçün bu mövzuda maarifləndirici təqdimatlar təşkil ediləcəkdir. Layihə Azərbaycan Gənclər Fondu, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və FAO-nin Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə həyata keçirilir.

 

Məlumdur ki, düzgün və yetərli qidalanma insanların rifahı, xüsusən də gənclərin sağlam inkişafı, onların potensialının üzə çıxarılması üçün əsas şərtlərdən biridir. Eyni zamanda, məsuliyyətli və dayanıqlı ərzaq istehlakının ətraf mühitin qorunması və nəticə etibarı ilə gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi baxımından vacibliyi də qeyd olunmalıdır.

 

İlk təqdimatlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təşkil edilmişdir. Təqdimatlar interaktiv və əyləncəli şəraitdə keçmiş, uşaqların geniş marağına səbəb olmuşdur. Şagirdlər sağlam pəhrizin nə olduğunu, pis qidalanmanın bədən və beynin inkişafına necə təsir etdiyini, məsuliyyətsiz istehlakçılığın planetimizə necə təsir etdiyini öyrəndilər və digər faydalı məlumatlar əldə etdilər.

 

Qeyd edilməlidir ki, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə respublikamızda ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində çoxsaylı layihələr həyata keçirməkdədir. IDEA İctimai Birliyi tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin Azərbaycanda təşviq edilməsi üzrə UNDP, FAO, UNICEF və s. tərəfdaşlarla birgə tədbirlər həyata keçirilir, gənclərin məktəb yaşlarından başlayaraq dayanıqlılıq haqqında məlumatlandırılması və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların  rolunun artırılması məsələsinə xüsusi diqqət yetirilir.

 

IDEA İctimai Birliyi uşaqları orqanizm üçün çox zərərli “fast-fud”ların əvəzinə sağlam qidaya üstünlük verməyə, valideynləri isə övladlarının sağlam və düzgün inkişafı naminə bu mövzuda diqqətli olmağa çağırır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul