26 Noyabr 2011

IDEA kampaniyası Qəbələdə beynəlxalq ekoloji düşərgəyə start verib

 

Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı gənc ekoloqların beynəlxalq düşərgəsi işə başlayıb.

 

Beynəlxalq tədbirin məqsədi ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin və, xüsusən də, gənclərin səylərini əlaqələndirməkdir.

 

35-dən çox ölkə nümayəndəsinin qatıldığı Qəbələ düşərgəsi bu sahədə hökumətlərin və cəmiyyətlərin edə biləcəklərini müəyyənləşdirməlidir.


Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, ekoloji problemlərin ciddi fəsadlara çevrilməməsi üçün gənclərin üzərinə xüsusi yük düşür. O, son illər Azərbaycanda Xəzərin ekoloji mühafizəsi, yeni-yeni meşə sahələrinin salınması, nadir heyvan növlərinin qorunması sahəsində görülən işlərdən söz açıb:

 

“2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi və son illər ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Ətraf mühitin mühafizəsi bizim ümumi işimizdir. Gənc nəsil iqlim dəyişikliyi, karbon qazı tullantılarının, atmosferdə istixana qazlarının miqdarının artması, dünya okeanındakı proseslər, quraqlıqla bağlı ekoloji problemlərə, həmçinin dünyanın müxtəlif hissələrində humanitar böhrana biganə qalmamalıdır”.

 

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bəyan edib ki, son illər Azərbaycanın maliyyə imkanlarının artması ekologiya sahəsinə sərmayə qoyuluşlarını artırmağa şərait yaradıb. Nazir Azərbaycan əhalisini içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı boru kəmərinin istismara verildiyini xatırladıb. O, Xəzər dənizinə çirkli tullantıların atılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü də söyləyib.

 

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov gənclərin ekoloji problemlərin yoluna qoyulmasında xüsusi çəkiyə malik olduqlarını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə irəliləyişə nail olmaq üçün dünya gənclərinin bir platformadan çıxış etməsi zəruridir. Bu mənada Qəbələ düşərgəsi önəmli rol oynaya bilər.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul