16 Mart 2016

“Ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilmişdir

IDEA İctimai Birliyinin “Gənclərin tədrisi proqramı” çərçivəsində 15 mart tarixində “Ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilmişdir.  

 

IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçirilmiş seminarda ətraf mühit, ekologiya və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak etmişdir.

 

Seminar zamanı ətraf mühitin müxtəlif sahələri, o cümlədən ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, təbii landşaftın toxunulmazlığı, daxili suların təmiz saxlanılması, ekoloji təhlükəsizlik, sənaye çirkləndirməsi, tullantıların idarə olunması və s. üzrə ölkəmizdə qüvvədə olan qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Milli hüquq sistemimizdə mövcud tənzimləmə mexanizmləri və boşluqlar müzakirə olunmuşdur.

 

Bununla yanaşı, seminar zamanı ətraf mühitə vurulan zərərlərə görə qanunvericilikdə nəzərdə tutulan sanksiyalar haqqında danışılmışdır. Bildirilmişdir ki, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvan növlərinin ovlanması, sənaye və tikintidə ətraf mühitə zərərli fəaliyyət, ekologiyaya təhlükə yaradan fəaliyyət və s. hərəkətlərə görə qanunvericilikdə sərt tədbirlər nəzərdə tutulmuşdur və bu cərimə və cəzalar mütəmadi olaraq, artırılır.

 

Tədbirin interaktiv mühitdə keçirilməsi və iştirakçıların mövzuya xüsusi həssaslığı seminarın maraqlı keçməsinə şərait yaratmışdır.

 

Ətraf mühitə vurulan zərərlərə görə tətbiq edilən cəza və cərimələrdən ictimaiyyətin ətraflı məlumatının olmaması baxımından seminar zamanı əldə edilən məlumatlar iştirakçılar üçün səmərəli olmuş və ətraf mühitin mühafizəsi ilə bağlı qanunu mənimsəmələri baxımından öz töhfəsini vermişdir.

 

IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və s. təşkil edir.

 

Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaignhttp://instagram.com/idea_public_union) vasitəsilə çatdırılır. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul