09 Aprel 2012

Leyla Əliyevanın Britaniya parlamentinin Lordlar palatasında çıxışı

 

Xanımlar və cənablar!

 

Bu gün bu auditoriyada, xüsusilə, parlament ənənələrinin əsasının qoyulduğu möhtəşəm binada, çıxış etmək mənim üçün böyük şərəfdir. Nitqimə başlamazdan əvvəl, məni bura dəvət etdiyinə görə Lord Şeyx Məhəmməd və bu tədbiri təşkil etdiyinə görə EcoMuslim ekoloji təşkilatının icraçı direktoru Ömər Faruka xüsusi təşəkkürümü bildirirəm.

 

Bu günkü çıxışımda Cənubi Qafqazdakı ekoloji problemlərə toxunmaq və bizim təşkilatımızın fəaliyyəti və gələcək planları barədə danışmaq istərdim.

 

IDEA 2011-ci ilin iyul ayında yaradılıb  və qısa vaxt ərzində biz regionda əhatə dairəmizi genişləndirməyi bacarmışıq. Bizim müxtəlif gənc ekoloqlar təşkilatları və hərəkatları ilə əməkdaşlığımız ötən ilin noyabr ayında dünyanın 35 ölkəsindən olan 85 nümayəndənin IDEA tərəfindən təşkil edilmiş Gənc Ekoloqların Yay Düşərgəsində iştirak etmək üçün Azərbaycanın Qəbələ şəhərində bir araya gəlməsindən sonra daha da gücləndi. Düşərgədə iştirak edən gənclər tərəfindən qəbul olunmuş Qəbələ Bəyannaməsində təhlükəsiz və karbonsuz təmiz gələcək ilə bağlı individual məsuliyyət, geniş anlayış, şəxsi öhdəlik və hüquqlar əks olunurdu. Mən özüm də həmin təşəbbüsün bir hissəsi olduğuma və gənc nəslin 21-ci əsrin ən vacib problemi hesab olunan bir məsələ üzrə təşəbbüsü ələ almalarının şahidi olduğuma görə şadam.


IDEA təkcə Azərbaycanda deyil, həmçinin dünyanın hər yerində gənclər arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı inkişaf etdirmək istiqamətində aktiv şəkildə fəaliyyət göstərir. Biz bir il ərzində Argentinadan tutmuş Cənubi Koreyaya kimi gənc ekoloqlarla əməkdaşlığa başlamışıq.


IDEA həmçinin Azərbaycanlı gəncləri 2012-ci ilin iyun ayında keçiriləcək BMT-nin Dayanıqlı İnkişaf üzrə Rio+20 Konfransına səfərbər etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə əməkdaşlıq barədə saziş imzalayıb.


Bir neçə ay bundan əvvəl “Gənc Ruh üçün Gənc Ağac” şüarı altında kampaniyaya start verdik və bu kampaniyaya əsasən biz 2012-ci ildə Azərbaycanda 300,000 ağac əkməyi planlaşdırırıq.

 

Bakının İçəri şəhərində 12-ci əsrin gözəl və mədəni abidəsi olan Qız Qalasında bərpa işləri apararkən qalada çoxlu sayda quş yuvalarına rast gəldik. Uzunqanad adlanan quşlar dəstəsi  abidədə 200-ə yaxın yuva qurmuşdular. Onların təhlükəsizliyini təmin etmək məqsədilə IDEA üzvləri yeni layihəyə start verərək Qız Qalasında restavrasiya işləri davam etdiyi müddət ərzində həmin quşlar üçün həmin ərazidə alternativ yuvalar qurdular. Bu layihə ilə yanaşı, biz Bakı şəhəri və ətraf ərazilərdə 300 ədəd quş yuvasını qurmağa başladıq. Biz, həmçinin sahibsiz pişik və itlər üçün heyvan sığınacağının inşasına da öz dəstəyimizi verdik.

 

Bizim irəli sürdüyümüz ən vacib təşəbbüslərdən biri də Azərbaycandakı ceyranların mühafizəsi və onların təbii yaşayış mühitinə qaytarılması kampaniyası oldu. Gün ərzində bir neçə dəfə boyunlarına bərkidilmiş və olduqları yer barədə məlumat ötürən xüsusi ötürücülər vasitəsilə ceyranların hərəkəti haqqında məlumat qəbul edirik.

 

Biz, həmçinin maarifləndirici sosial reklam kampaniyası, inşa müsabiqələri, dəyirmi masa müzakirələri, universitet debatları və tok-şouları nəzərdə tutan kiçik və genişmiqyaslı layihələri də icra etmişik. Lakin bu istiqamətdə görüləcək hələ çox işimiz var.

 

Biz inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və tədris edilməlidir. Təbiətə sevgi və onun mühafizəsinin əhəmiyyəti ibtidai və orta məktəblərin siniflərində mənimsənilməlidir. Gənclər ekoloji harmoniyanın önəmini anlamalı, təbiətin həyatı necə mühafizə etdiyini öyrənməli və öz gündəlik fəaliyyətlərinin ətraf mühit üzərindəki təsirini uşaq yaşlarından dərk etməlidirlər. Müəllimlər uşaqlara davamlı yaşam üçün önəmli olan bilik, bacarıq və dəyərləri bütün yaş çağlarında aşılaya bilmək imkanına malikdirlər. Mənim kampaniyamın da əsas fəaliyyət istiqaməti insanların ətraf mühitlə iç-içə yaşam üçün düzgün davranış və hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunu önə çəkməkdir.

 

Əziz dostlar,


Cənubi Qafqaz zəngin landşafta, bio və aqromüxtəlifliyə, dünyanın biomüxtəlifliyinin on iki mərkəzindən birinə malik olan unikal regiondur. Bu regionda subtropik meşələrə, Böyük Qafqazın buzlaq və qarla örtülmüş zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək mümkündür. Cənubi Qafqazda demək olar ki, hər növ iqlim qurşağı mövcuddur. Məsələn, 11 iqlim qurşağından Azərbaycanda 9-na rast gəlmək mümkündür. Qafqaz regionu iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və bu da istənilən iqtisadi fəaliyyətin planlaşdırılması zamanı nəzərə alınmalıdır. İqlim dəyişikliyinin mənfi nəticələri kənd təsərrüfatından tutmuş turizmə qədər bütün sahələrə, xüsusilə də su sektoruna öz təsirini göstərə bilər.

 

Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda kəskin ekoloji, səhiyyə və iqtisadi təhlükələr yarada biləcək bir sıra ətraf mühit problemləri üzə çıxmışdır. Qeyri-qanuni ovçuluq, otlaq sahələrinin və meşələrin məhvi, o cümlədən nəzarətsiz urbanizasiya nəticəsində regionun bioloji müxtəlifliyi təhlükə altında qalmışdır. Regionun bütün dövlətləri Bioloji Müxtəliflik haqda Konvensiyanı və digər müvafiq beynəlxalq müqavilələri ratifikasiya etmiş, bununla da, təbiətin qorunması üçün müəyyən öhdəliklər götürmüşlər. Bunu etməklə onlar təbiətin mühafizəsinə sadiqliklərini təsdiq edərək üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Lakin regiondakı mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir etmişdir. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılması vəhşi flora və faunanı təhlükə altında qoymuşdur. Qafqaz bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşmişdir.

 

Cənubi Qafqazın hər üç ölkəsində bir sıra ekoloji təhlükələr ciddi ekoloji tənəzzülün müşahidə olunduğu ərazilərdə öz əksini tapır. İnsanlara qarşı ekoloji təhlükələrin mənbələri təkcə meşə qırılmaları, təbii sərvətlərin düzgün istifadə edilməməsi, su çirklənməsi və təbii fəlakətlərdə deyil, həmçinin sənaye istehsalı, nüvə və radioaktiv tullantılarda da özünü büruzə verir. Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir. Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və su çatışmazlığına səbəb olmuşdur. Regionun üzləşdiyi bütün bu ekoloji təhlükələrin fonunda, cəmiyyətin gənc üzvləri arasında əməkdaşlıq ətraf mühitin qorunmasının mühüm elementinə çevrilir. Bu təhlükələr bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə həll edilməlidir.

 

Əziz dostlar,


Mən ətraf mühitin qorunması və gənclərin bu işə cəlb olunmasını çox arzulayıram. Mən gələcək nəsillərin ətraf mühitləri ilə harmoniya şəklində böyümələrini, onların ekoloji nöqteyi-nəzərindən səhv idarəçilik barədə məlumatlı olmalarını, əməkdaşlıq və dialoqa açıq olmalarını istəyirəm. Mənim ölkəm həm özünün gənc əhalisi, həm də unikal biomüxtəlifliyi və resursları nöqteyi-nəzərindən böyük potensiala malikdir. Bizim məqsədimiz yeni texnologiyalardan istifadə edərək keçmişdən miras qalan ekoloji problemləri aradan qaldırmaqdır. Biz həmçinin çalışırıq ki, ölkəmizlə yanaşı bütün regionda fəaliyyət göstərərək təhsil, iqtisadiyyat, kənd təsərrüfatı, ekoturizm, enerji, texnologiya, gənclər və səhiyyə kimi digər sahələri də əhatə edək.

 

Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirinin azaldılmasına diqqət yetirməklə ölkə iqtisadiyyatının dayanıqlı inkişaf prinsiplərinə transformasiya edilməsi məsələsinə yüksək önəm verir. Azərbaycanın ÜDM-u son on il ərzində on dəfə artıb. Ətraf mühitin qorunması üçün qoyulan investisiyaların həcmi artır. Genişmiqyaslı içməli su və kanalizasiya sularının idarə olunması layihələrinə də böyük həcmdə investisiyalar yatırılır. Vəhşi heyvanlar üçün geniş və müasir rehabilitasiya mərkəzinin inşasına tezliklə start veriləcək. Xəzər Dənizinin bioresurslarının artırılması üçün son on il ərzində dənizə 5 milyarddan çox körpə balıq, o cümlədən nərə balığı buraxılıb. Ölkədə müasir “Tullantıdan enerjiyə” zavodu inşa olunmaqdadır ki, nəticədə tullantıların idarə olunması sahəsində əhəmiyyətli dəyişiklik qeydə alınacaq. Azərbaycan, həm də ilk günəş panelləri zavodunun inşasını tamamlayıb, bu zavod, həmçinin Cənubi Qafqazda günəş batareyası istehsal edən ilk zavoddur.

 

Bütün bunlar o demək deyil ki, artıq hər şey edilib. Hələ atılmalı çox addım, öyrənməli çox dərs var. Gənc IDEA üzvləri və ümumilikdə cəmiyyətin öz məsuliyyətlərini qəbul edərək addımlar atmağa can atmalarını görmək məni motivasiya edir. IDEA şəxsi nümunə göstərmək istəyən şəxslər üçün stimul mənbəyi olmağa davam edəcək. Əminəm ki, gələcək bir neçə il ərzində biz regionda effektiv ekoloji cəmiyyət yarada və bununla da real dəyişiklik edə biləcəyik.

 

Azərbaycan bütün digər ölkələr kimi, qorunmalıdır. Bu sözün hər mənasında gözəldir. Ölkəyə gələn hər bir turist ölkənin təbiəti, insanların qonaqpərvərliyi və mədəniyyətinin zənginliyinə heyran qalır. Onun qədim tarixi və unikal adət-ənənələrinə biganə qalmaq olmur.

 

Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar vermiş və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulduğum üçün qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilmişdir. Mənim vətənim “ilklər” diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb.

 

Zati - aliləri,

Mən Azərbaycanın gözəlliyi barədə saatlarla danışa bilərəm, lakin bir atalar sözündə deyildiyi kimi “Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır.” Ona görə də mən sizləri Azərbaycana dəvət edirəm. Azərbayacana gələrək bu gənc ölkənin potensialını ölkəmizin gənc nəslinin gözlərində və ruhunda görərək hiss edin.

 

Mənə söz verdiyinizə görə, sizə təşəkkür edir və sizləri tezlikdə Bakıda salamlamağı səbirsizliklə gözləyirəm.

Bİzə qoşul