06 Fevral 2014

Leyla Əliyevanın Memorandum İmzalama Mərasimindəki çıxışı

 

Hörmətli Cənab Səfir,

 

Hörmətli qonaqlar!

 

Bu gün Sizləri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı Ofisi ilə Heydər Əliyev Fondu arasında sənədin imzalanma mərasimində salamlamaq mənim üçün xoşdur.  Bildiyiniz kimi, bu sənəddə 2012-ci ilin iyun ayında Rio de Janeyro şəhərində keçiriləcək BMT-nin Rio+20 Dayanıqlı İnkişaf Qlobal Konfransı üçün hazırlıq prosesinə BMT sistemindən koordinasiyalı dəstəyi təmin etmək üçün IDEA-nın BMT İnkişaf Proqramı ilə tam əməkdaşlığı nəzərdə tutulur.

 

"Rio+20" konfransı 1992-ci ildə keçirilmiş ətraf mühit və inkişaf məsələləri üzrə BMT-nin tarixi konfransının 20 illiyini qeyd etmək üçün təşkil olunacaqdır.

 

Rio de Janeyro şəhərində baş tutacaq bu vacib konfransda biz zəmanəmizin əsas problemlərini, xüsusilə də, ətraf mühitin mühafizəsini, dayanıqlı inkişafı, yoxsulluğun səviyyəsinin azaldılmasını müzakirə edəcəyik. Sözsüz ki, qarşımızda duran çətinliklərlə bağlı müvafiq cavab tədbirlərini də burada müzakirə edəcəyik. Çalışacağıq ki, BMT-yə üzv olan ölkələr tərəfindən müvafiq siyasi iradənin göstərilməsinə nail olaq.

 

20 il bundan əvvəl  Rioda ekspertlər qərara gəldilər ki, dayanıqlı və davamlı inkişaf ümumi və xüsusi qərarların qəbul edilməsi üçün 3 əsas dayağın - sosial, iqtisadi və ekoloji məqsəd və hədəflərin - balanslaşdırılmış ifadəsidir. Ətraf mühitin idarə olunması hər hansı bir ölkədə davamlı inkişafın üçüncü və ən əsas dayağını təşkil edir. Ətraf mühit və inkişaf üzrə Rio Bəyannaməsinin 4-cü prinsipində nəzərdə tutulur ki,  "Davamlı inkişafa nail olmaq üçün, ətraf mühitin mühafizəsi bu inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməli və bundan heç cür ayrılmamalıdır". Azərbaycanda inkişaf etməkdə olan sosial və iqtisadi həyatı nəzərə alsaq, ölkənin ekoloji göstəricilərinin yaxşılaşdırılması ölkəmizdə davamlı inkişafın əldə olunması istiqamətində əhəmiyyətli addımdır. IDEA, bir kampaniya olaraq, həmçinin gənclərin ətraf mühitin idarə olunması sahəsindəki rolunu artırır və "RİO-əvvəl və sonra" adı altında beynəlxalq dialoqları dəstəkləyir.

 

Bu ilin əvvəlində BMT Baş katibi Ban Ki-Mun BMT iclaslarının, o cümlədən RİO+20 konfrasının nümayəndə heyətlərinə gənclərin daxil edilməli olduğunu bildirmişdi. Baş katibin "gənclərin Rio+20 prosesinə yeni dinamik ideyaların, təzə fikirlərin və enerjinin gətirilməsində mərkəzi rol oynaya bilməsi və oynamalı olması" çağırışı bizləri gənclərin gücünə bel bağlamağa həvəsləndirdi. Bütün dünyada 15-24 yaş aralığında 1.8 milyard insan yaşayır  və bu da davamlı inkişafı dünya ölkələrinin yürütdükləri siyasətin tərkib hissəsinə əlavə etmək üçün gözəl imkandır. Bu rəqəmlər – gənclərin sayı- Azərbaycanda təxminən 3 milyona çatır. Əgər bu gəncləri doğru istiqamətdə yönəltsək, bu güclər dünyamızı yaşıl gələcəyə aparar.

 

Təəssüflər olsun ki, 1992-ci ildə təşkil edilmiş Rio konfransından sonra görülmüş tədbirlərə, atılmış addımlara baxmayaraq, ətraf mühitin durumu aşağı düşməyə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı uyğunsuzluq isə daha da artmağa davam etdi. Əvvəlki illərin təcrübələri göstərdi ki, yeni ekoloji təşkilatların formalaşmasına baxmayaraq onlar ekoloji problemlərin qarşısını almaqda aciz qaldılar. Bu geriləmə onu göstərir ki, ekoloji problemlərin qarşısını beynəlxalq və ətraf mühitin idarə olunması prosesini gücləndirməklə almaq mümkündür. Yeni təşkilat yaratmaqdansa koordinasiyalı dialoq qurmaq və güclü əməkdaşlıq yaratmaq bütün qlobal fəaliyyətlərin əsas diqqət nöqtəsində olmalıdır. Ətraf mühitlə bağlı dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədilə IDEA yaxın və uzaq ölkələrdən olan yüzə yaxın ətraf mühit fəallarını noyabr ayında Qəbələdə bir araya gətirəcək və onlar orda səylərini koordinasiya edərək regionda və regiondan kənarda ekoloji sahədə səhv idarəçiliyin aradan qaldırılma yolları üzərində baş sındıracaqlar.

 

Qarşımızda duran əsas məqsədlərdən biri də Qəbələdə yaradılacaq düşərgədir ki, biz bununla "Rio+20" konfransını keçirmək üçün daha yaxşı hazırlıq səviyyəsinə nail ola bilək.  Bu panellərdə biz Rio+20-nin əsas hədəfi olan bir mövzuda – yaşayış standartlarını yüksəltmək və yoxsulluğun səviyyəsinin aşağı salınması vasitəsi kimi yaşıl iqtisadiyyata müraciət edəcəyik. Yaşıl iqtisadiyyat yoxsulluğun səviyyəsinin azaldılması ilə əsaslı şəkildə əlaqəlidir. Minilliyin Ekosisteminin Qiymətləndirilməsi hesabında qeyd edilir ki, ətraf mühit, iqtisadiyyat və sosial rifahın durumu arasında birbaşa əlaqə mövcuddur. Təəssüflər olsun ki, dünya iqtisadiyyatı böhranla mübarizə apardığı bir zamanda siyasi kursu müəyyən edən şəxslər tərəfindən davamlı inkişaf siyasətinin təsiri altında hazırlanmış gündəlikdən kənara çıxmaq adi hal alıb. Buna görə də, IDEA kampaniyasının üzvləri yaşıl siyasəti regionun inkişaf prosesinin mərkəzinə gətirmək məsələsinə ciddi yanaşır.

 

Biz noyabrı "Ekologiya ayı" elan etmişik və bununla bağlı qarşımızda bir sıra təşəbbüslər vardır. Bu, bilavasitə ətraf mühitə dostca yanaşmaqdan ibarətdir. Biz iməciliklər keçirilməsi, kütləvi halda ağacların əkilməsi, parkların yenidən qurulması, şəhər boyu quşlar üçün evlərin quraşdırılması və nəsli kəsilməkdə olan heyvanların yenidən təbiətə qaytarılması, bundan başqa, çirklənmiş torpaqların təmizlənməsi və əyalətlərdə içməli suyun olmasını istəyirik.

 

Biz "Cavan ruh üçün cavan ağac" kampaniyasına başlamışıq və bu kampaniya çərçivəsində Rio konfransına kimi Azərbaycanda yaşayan 3 milyon gənci təmsil edərək 3 milyon ağac əkməyi planlaşdırırıq. Biz həmçinin Azərbaycan Alpinizm Federasiyası ilə birlikdə Qafqaz dağlarının ən yüksək zirvələrindən birinə ekspedisiya təşkil etməyi planlaşdırmışıq.

 

Böyük əhəmiyyət kəsb edən bu əməkdaşlıq sazişi, həmçinin BMT-nin dəstəyi və təcrübəsi ilə biz - IDEA kampaniyası yerli və regional olmaqla təhsil, iqtisadiyyat, kənd təsərrüfatı, ekoturizm, enerji, texnologiya, gənclər, səhiyyə və s. kimi müxtəlif cəbhələrdə çalışmağı planlaşdırırıq. Cəmiyyətimizin gənc təbəqəsi arasında məlumatlılığı artırmaq məqsədilə, biz məktəb və universitetlərə üz tutacaq, hər qapını döyəcək, hər bir ətraf mühit fəalları ilə söhbət edəcək və əsrimizin ekoloji problemlərindən xəbəri olmayan şəxslərin maarifləndirilməsi üçün çalışacağıq. Biz, həmçinin uzaq regionlarda yaşayan şəxsləri məlumatlandıracaq, həyatlarında yaşıl dəyişiklik etmək istəyən şəxslər arasında sinerji yaratmaq istəyənlərə təlimlər keçəcəyik. Biz "Bir yer kürəsi - bir gələcək" yaradılmasında öhdəmizə düşən hər bir şeyi edəcəyik.

 

 

Bİzə qoşul