01 Mart 2017

IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayır

Martın 1-dən etibarən IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayır. Xəbər verildiyi kimi, Mərkəzdə heyvanların rifahının təmin edilməsi üçün tələb olunan əsas şəraitin yaradılması üzrə hazırlıq işləri artıq başa çatdırılmışdır. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

 

Məlum olduğu kimi, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. Keçən ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 

 

Son üç ay ərzində Mərkəzdə hazırlıq işlərinin aparıldığına baxmayaraq, baytarlıq klinikasının qapıları ictimaiyyət üçün açıq olmuş, heyvanların klinikada qəbul edilməsinin təşkil edilməsi işləri ilə paralel olaraq, Mərkəzin işçi heyəti tərəfindən artıq 200-dən artıq sahibsiz it və pişiklərə tibbi xidmət göstərilmişdir.

 

IDEA Heyvanlara Qayğı Mərkəzi əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldəcəkdir. 

 

Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərəcəkdir. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. Bununla bağlı, IACC bütün heyvansevərləri ətraflarında gördükləri it və pişikləri sterilizasiya, peyvəndləmə, cərrahiyə və ya müalicə üçün Mərkəzə gətirməklə küçə heyvanları populyasiyalarının idarə edilməsi üzrə səylərə töhfə verməyə çağırır.

 

IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramına gəldikdə, Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, işçilər tərəfindən heyvanlar ən humanist üsullarla tutulacaqdır. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulacaq, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnəcək. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil ediləcək.

 

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır. Himayəyə verilən heyvanların profillərini öz internet səhifəsi və sosial şəbəkələrdə yerləşdiriləcək. IACC saxladığı hər bir heyvanın sağlam, rahat və yaxşı qidalanmış olduğuna baxmayaraq, onlar üçün daimi evin tapılması, insanların sahibsiz heyvanlara rəğbətinin artırılması istiqamətində çalışacaqdır.

 

Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir. Mərkəzin konfrans zalı və digər hissələri heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələrin keçirilməsi üçün istifadə ediləcək. Heyvanlara humanist və məsuliyyətli yanaşmaların bəslənməsi məqsədilə uşaqlar və gənclər üçün sinifdənkənar proqram və tədbirlər təşkil ediləcək. IACC-nin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işləri aparılacaq.

 

Mərkəz heyvanlara qulluq etməkdə kömək göstərməyə hazır olan, sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllüləri öz fəaliyyətinə cəlb edəcək. Eyni zamanda, sponsorların ianə və dəstəyindən asılı olan IDEA Heyvanlara Qayğı Mərkəzi fiziki və hüquqi şəxslərdən maliyyə və digər maddi formada ianələr qəbul edir. Mərkəzin sponsoru olmaq istəyənlər öz dəstəyi müqabilində müxtəlif imtiyaz və imkanlar əldə edəcək.

 

Əlavə məlumat üçün IDEA Heyvanlara Qayğı Mərkəzi ilə telefon (+994 12 565 66 55), elektron poçt (info@ideacares.az) və ya Facebook və Instagram (@ideacares.az) vasitəsilə əlaqə saxlamaq mümkündür.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul