11 May 2016

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

14 may tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcəkdir.

 

Mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən “Uşaqlar üçün laboratoriya”nın May təlimi “yaşıl enerji” mövzusuna həsr olunacaqdır.

 

Belə ki, təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılacaq, həmçinin “kiçik ekoloqlara” erkən yaşlardan aşılanması vacib olan elektrik təhlükəsizliyi tədbirləri izah ediləcəkdir.

 

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prossesinə əyani şahidlik edəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə öz elektrik dövrələrini də yaradacaqlar.

 

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də  enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verəcəkdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul