05 Noyabr 2017

“Qədim Gəncə” arxeoloji kompleksində təmizlik aksiyası keçirildi

Noyabrın 4-də IDEA İctimai Birliyi, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Qədim Gəncə” arxeoloji kompleksində təmizlik aksiyası keçirilmişdir.

 

Qeyd edək ki, "Qədim Gəncə" ərazisi tarixən müəyyənləşmiş ərazi və landşaftın qorunması, onun fərdi simasının saxlanması və bərpası məqsədilə Qoruq elan edilmişdir. Qədim Gəncə ərazisində IX-XVII əsrlərə aid olan mədəni təbəqə və eləcə də bir çox qiymətli sənət nümunələri mövcuddur. Orta əsrlərə aid olan qala divarları, körpülər, İmamzadə türbəsi, dəyirman daşı (XII əsr), Gəncə qalası divarı, Comərd Qəssab türbəsi, Gəncə qalası (XVII əsr) kimi bir çox mühüm tikililərin qalıqları da Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun ərazisində yerləşir və qorunur.

 

Sözügedən aksiyanın keçirilməsində məqsəd Qədim Gəncə arxeoloji kompleksini məişət tullantılarından təmizləmək, ərazidəki elmi, tarixi və mədəni əhəmiyyəti olan arxeoloji abidələrin qorunmasına, Qoruğun ətraf mühitinin mühafizəsinə və tarixi sərvətlərimizin gələcək nəsillərə sağlam və təmiz ötürülməsinə töhfə vermək, ictimai yerlərdə təmizliyə riayət olunmasını təbliğ etmək və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

 

Tədbirə Gəncə şəhərindən 400 nəfərdən çox könüllü qoşulmuşdur. Təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tullantıları toplayaraq çeşidləyiblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunmuşdur.

 

Ətraf mühit problemləri ilə mübarizədə ictimai maarifləndirmə tədbirlərinin əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq bu cür təmizlik aksiyaları təşkil edir. Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə hər il Xəzər sahillərində, o cümlədən ölkəmizin çaylarında çoxsaylı könüllülərin iştirakı ilə təmizlik aksiyaları baş tutur.

 

IDEA İctimai Birliyi ətraf mühitin mühafizəsinə könüllü qoşulan və xüsusi fəallıq göstərən bütün aksiya iştirakçılarına, o cümlədən tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətə qarşı həssas davranmağa, ətraf mühiti çirkləndirməməyə və təbii sərvətlərimizin qayğısına qalmağa çağırır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul