13 Oktyabr 2017

Şəmkirdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Oktyabrın 13-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Şəmkirdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

 

Təşkil edilən ağacəkmə aksiyası zamanı Şəmkir rayon icra hakimiyyəti tərəfindən ayrılmış 2.5 hektar torpaq sahəsinə 1200 ədəd meyvə ağacı əkilib. Salınan meyvə bağı Şəmkir rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələri arasında bölünərək onların təmənnasız istifadəsinə verilmişdir. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Sözügedən aksiyada Şəmkir rayon icra hakimiyyəti nümayəndələri də iştirak ediblər.

 

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması oktyabr-noyabr ayları ərzində Qax, Sabirabad, Beyləqan, Lənkəran, Ağdaş, Tovuz və Ağstafa  rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcəkdir. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 9000-ə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.

 

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

 

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı rayonunda salınmış və 3 aztəminatlı ailənin təmənnasız istifadəsinə verilmişdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul