24 Sentyabr 2016

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirildi

24 sentyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunmuşdur.



Təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat verilmiş, həmçinin kiçik ekoloqlar ağacların ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə tanış olmuşlar.

 

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” hazırlamışlar. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə, onlarla birgə güllər əkilmiş, ağaclara qulluq göstərilmişdir.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunmuş sentyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ağacların Planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə vermişdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul