21 İyul 2015

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir

 

 

18 iyul tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün su və onun əhəmiyyəti mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir. 

 

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılmışdır. “Kiçik ekoloqlar”, həmçinin suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları ilə də tanış olmuşlar.

 

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak etmiş, şüşə su qabının içərisində meduza, fincanın içərisində göy qurşağı və lava lampası hazırlamağı, təlimçilərin köməyilə öz su aləmlərini yaratmağı öyrənmişlər. Daha sonra, “Eko laboratoriya”nın iştirakçıları sabun köpükləri düzəldərək açıq havada əyləncəli gün keçirmişlər.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca yeddinci təlim olan İyul laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələrinə yardım etmişdir.

 

“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul