16 May 2018

IDEA İB gəncləri beynəlxalq müsabiqədə iştiraka çağırır

IDEA İctimai Birliyi 18-30 yaşlı təbiətsevər və yaradıcı gəncləri BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin İnkişaf Proqramının Ətraf Mühit üzrə Qlobal Fondunun Kiçik Qrantlar Proqramı (GEF-UNDP SGP) və Connect4Climate proqramının birgə təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq videomüsabiqədə iştirak etməyə çağırır.

 

Videomüsabiqənin şərtlərinə əsasən iştirakçılar iqlim dəyişikliyinə qarşı hərəkatda gənclərin rolunu öz videoçarxlarında əks etdirməlidirlər. Videoçarx maksimum 3 dəqiqəlik olmalı və "məsuliyyətli istehsal və istehlak" və ya "iqlim üçün əlverişli iş yerləri" mövzularını əhatə etməlidir.

 

Qalib kimi seçiləcək iki iştirakçı 2018-ci ilin dekabrında Polşanın Katovis şəhərində baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə 24-cü Konfransında (COP24) iştirak etmək imkanı qazanacaq. Konfransda qaliblərin hazırladığı videoçarxlar qlobal auditoriya qarşısında təqdim ediləcək və qaliblər BMT-nin İqlim Dəyişikliyi üzrə rabitə qrupuyla işləmək imkanı əldə edəcəklər.

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Patrisia Espinosa öz çıxışında bildirib: "Bugünkü gənclər ötən nəsil gənclərdən tamamilə fərqlənir. Doğulduğu andan etibarən onlar qlobal istiləşmə, buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması, ekstremal hava kimi sözləri eşitməyə başlayırlar. Amma, eyni zamanda, onlar elektromobillər, külək turbinləri, bərpa olunan enerji mənbələri, Dayanıqlı İnkişaf Məqsədləri, Paris razılaşması kimi sözləri də eşidirlər. Gənclər iqlim dəyişikliyinə qarşı fəaliyyətlərin sürətləndirilməsində çox mühüm rol oynayır və onlar dəyişikliyin ən vacib agentləridir. Gənclərin sayı çoxdur və onlar böyük təsir gücünə malikdir".

 

Müsabiqəyə qoşulanlar "məsuliyyətli istehsal və istehlak" kateqoriyasını seçərsə emissiya və tullantıların, artıq istehlakın azaldılması, dayanıqlı moda, iqtisadi mübadilə və təkrar istifadənin təşviqi ilə bağlı video kadrları öz işlərinə daxil edə bilərlər. İştirakçılar "İqlim üçün əlverişli iş yerləri" kateqoriyasını seçərsə, təqdim edəcəkləri materiallara sağlam iqtisadiyyata imkan yaradan, iqlim dəyişikliyinə təsir edən iş və ya sahibkarlıq haqqında videoçarxlar daxil edə bilərlər.

 

Təqdim edilmiş videoçarxın məzmuna uyğunluğuna, orijinallığına, texniki parametrlərinə, kreativliyinə görə münsiflər heyəti tərəfindən bir neçə iş seçiləcəkdir. Daha sonra, seçilmiş videoçarxlar online səsvermə üçün ictimaiyyətə təqdim ediləcəkdir. Qeyd edək ki, müsabiqə tve (Television for Environment - Ətraf mühit üçün televiziya) platforması vasitəsilə reallaşdırılacaq.

 

IDEA bütün yüksək potensiallı gəncləri ən qısa zamanda qeydiyyatdan keçməyə çağırır.

 

Müraciət müddəti 31 avqust 2018-ci ilə qədərdir. Ərizə forması və ətraflı məlumat üçün: 

biomovies.tve.org

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul