04 Aprel 2018

IDEA “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində ağacəkmə aksiyalarına başlayıb

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Nizami rayon icra hakimiyyətinin dəstəyi ilə paytaxt ərazisində “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlanıb.

 

Aksiyalar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş və ya artıq kəsilmiş ağacların əvəzinə Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun şam, sərv, göyrüş, safora, zeytun, akasiya və s. ağacların əkilməsi planlaşdırılır.

 

Məlum olduğu kimi, qovaq ağaclarının bir çox fəsadları vardır. Təəssüf ki, paytaxtımızda sıx rast gəlinən piramidal qovaq hazırda ən çox təhlükə törədən ağac kimi tanınır. Çünki bu ağacın oduncağı yumşaq olduğu üçün tez zədələnir və zədə yerinə su düşdükdə ağac az müddətdən sonra həmin yerdən çürüyür. Digər tərəfdən, bu ağacların kök sistemi də çox tez çürüyərək küləkli havalarda hündür gövdəsini saxlaya bilmir və aşaraq müəyyən itkilərə səbəb olur.

 

Hətta, paytaxtımızda qovaq ağacı ölümlə nəticələnən qəzalara da səbəb olmuşdur. Belə ki, 2013-cü ildə qovaq ağacı aşaraq ana və uşağın üstünə düşmüş, nəticədə hər ikisi həyatını itirmişdir. Eyni tipli hadisə 2011-ci ildə də baş vermiş və Əzizov Elçin adlı Bakı sakini vəfat etmişdir. Əslində hər iki halda da qovaq ağacları xarici görünüş etibarı ilə sağlam olmuşdur, sadəcə güclü külək nəticəsində zəif kök sistemi iri gövdəni saxlaya bilməmiş və bədbəxt hadisələr baş vermişdir. Qovaq ağacları, çox hallarda avtomobillərin, evlərin, eyvanların, elektrik naqilləri və qaz xəttlərinin üzərinə düşərək qəzalara səbəb olur və insanların əmlaklarına ziyan yetirə bilir.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, “Yaşıllıqları bərpa edək” layihəsinin icrasına ilk olaraq Nizami rayonundan başlanmışdır. Aprelin 4-də 100 nəfərə yaxın IDEA könüllülərinin iştirakı ilə Nizami rayonu Əli Vəliyev küçəsində ilk ağacəkmə aksiyası baş tutub və 700 ədəd eldar şamı əkilib.

 

Qeyd edək ki, Nizami rayonunun Elşən Süleymanov, Q.Qarayev, Naxçivani, Əliağa Kürçaylı, Rüstəm Rüstəmov, Şərifli, Nəsimi, B.Nuriyev, İ.İsmayılov, K.Balakişiyev və Ş.Mirzəyev küçələrində, o cümlədən Babək prospekti ərazisində Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş qovaq, tut və qarağac ağaclarının əvəzinə aprel ayı ərzində, ümumilikdə, 1500-ə yaxın eldar şamının əkilməsi nəzərdə tutulub.

 

Nizami rayonunun ardından Bakı şəhərinin digər rayonlarında da eynitipli aksiyalar təşkil olunacaqdır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul