Tamamlanmış layihələr

"Yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması" proqramı

Giriş

Yaz əkin mövsümü ilə əlaqədar, IDEA İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə paytaxt ərazisində yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlamışdır.

Təsvir və Konsepsiya

Proqram çərçivəsində təşkil edilən aksiyalarda ETSN Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş və ya artıq kəsilmiş qovaq ağaclarının yerinə Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun digər ağacların əkilməsi nəzərdə tutulub.

Yaz əkin mövsümü ilə əlaqədar, IDEA İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə paytaxt ərazisində yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlamışdır.

 

Aksiyalar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş və ya artıq kəsilmiş qovaq ağaclarının yerinə Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun şam, sərv, zeytun, yapon saforası, göyrüş muşmulla, dağdağan ağacları əkilməkdədir.

 

Məlum olduğu kimi, qovaq ağaclarının bir çox fəsadları vardır. Onların bəziləri, yay aylarında çiçəkləyən zaman öz toxumlarını pambığa bənzəyən liflərə bürünmüş formada yayırlar,  bu isə çox hallarda nəfəs yollarına dolaraq öskürəyin yaranmasına və ya allergik reaksiyalara səbəb olur. Təəssüflər olsun ki, vaxtilə şəhər əkinlərində, xüsusilə də məhəlləarası əkinlərdə xeyli istifadə edilən piramidal qovaq hazırda ən çox təhlükə törədən ağac kimi tanınır. Çünki bu ağacın oduncağı yumşaq olduğu üçün tez zədələnir və zədə yerinə su düşdükdə ağac az müddətdən sonra həmin yerdən çürüyür. Digər tərəfdən onların kök sistemi də tez çürüyür və küləkli havalarda hündür gövdəsini saxlaya bilməyərək aşır və müəyyən itkilərə səbəb olur.

 

Beləliklə də, bu ağac növlərinin şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik baxımından, həm də sanitar-gigiyenik baxımdan məqbul hesab edilmir.

 

Hətta, paytaxtımızda qovaq ağacı ölümlə nəticələnən qəzalara da səbəb olmuşdur. Belə ki, 2013-cü ildə qovaq ağacı aşaraq ana və uşağın üstünə düşmüş, nəticədə hər ikisi həyatını itirmişdir. Eyni tipli hadisə 2011-ci ildə baş vermiş və Əzizov Elçin adlı Bakı sakini vəfat etmişdir. Əslində hər iki halda da qovaq ağacları xarici görünüş etibarı ilə sağlam olmuşdur, sadəcə güclü külək nəticəsində zəif kök sistemi iri gövdəni saxlaya bilməmiş və bədbəxt hadisələr baş vermişdir.

 

Qovaq ağacları, çox hallarda avtomobillərin, evlərin, eyvanların, elektrik naqilləri və qaz xəttlərinin üzərinə düşərək qəzalı vəziyyətə səbəb olur və insanların əmlaklarına ziyan yetirə bilir. Təkcə 2015-ci il ərzində qəzalı durumda olan qovaq ağacları haqqında  qeydiyyatdan keçmiş müraciətlərin sayı 660-dan çoxdur.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, IDEA İctimai Birliyi və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi layihənin icrasına qovaq ağaclarının ən çox əkildiyi və qəzaların daha çox olduğu Nizami rayonundan başlamışdır.

 

Qeyd edək ki, IDEA İctimai Birliyi və Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilən qovaq ağaclarının yerinə digər ağacların əkilməsi aksiyası növbəli şəkildə Elşən Süleymanov, Q.Qarayev, Naxçivani, Əliağa Kürçaylı, Şərifli, Nəsimi, B.Nuriyev, İ.İsmayılov, K.Balakişiyev və Ş.Mirzəyev küçələrində, o cümlədən Babək prospekti ərazisində də təşkil ediləcəkdir. Ümumilikdə Nizami rayonundakı qəzalı ağacların yerləşdiyi ərazilərdə fevral-aprel ayları ərzində 1500-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Nizami rayonunun ardından Bakı şəhərinin digər rayonlarında da eyni aksiyalar təşkil olunacaqdır. Bütün tədbirlər mütəmadi olaraq, mətbuatda işıqlandırılmaqdadır.

 

IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır və təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan artıq ağacın əkilməsinə nail olmuşdur.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul