03 İyun 2019

Qafqaz zubrlarının Azərbaycana reintroduksiyası ilə bağlı seminarlar

29 may – 1 iyun tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində orta məktəblərdə seminarlar keçirilib. 

 

Seminarlar zubrların arealına yaxın yerləşən İsmayıllı və Qəbələ rayonları, o cümlədən Buynuz, İstisu, Qurbanəfəndi, Topçu, Qalacıq, Sumağallı, Xanagəh, Vəndam, Bunud, Nohurqışlaq, Məmmədağalı, Tüntül və Yengicə kəndlərinin orta məktəblərində təşkil olunub.

 

Seminarlar zamanı nəsli tükənmək təhlükəsi altında olan zubrların Azərbaycanda tarixi, onların ekoloji rolu və qida zəncirində tutduğu mövqe, eləcə də mühafizəsi bə bərpası istiqamətində aparılan işlər haqqında mühazirələr keçirilib. Gənc təbiətsevərlər zubrların bərpası istiqamətində aparılan işlərlə xüsusi maraq göstərib, öz dəstəklərini nümayiş etdiriblər.

 

Qeyd edilməlidir ki, vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan bu yaxınlarda Fransa və Belçika zooparklarından Azərbaycana gətirilmişdir. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra həmin ərazidən təbiətə sərbəst buraxılacaq. Əraziyə bu il daha 8 baş zubrun gətirilməsi də nəzərdə tutulur.

 

Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən geniş mühafizə və maarifləndirmə tədbirləri keçirilir.

 

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilmişdir. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılmışdır və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunmuşdur.

 

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul