17 Noyabr 2012

“Yaşıl həftə” çərçivəsində Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının 3-cü iclası keçirilib

 

“Yaşıl həftə” çərçivəsində  “Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının  3-cü iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təsisçisi Leyla Əliyeva da iştirak edib.  

 

İclasda çıxış edən Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışdı və bildirdi ki, “Yaşıl həftə” də belə layihələrdən biri olub, IDEA kampaniyasının və BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) birgə layihəsidir.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının 3-cü iclasının işinə uğurlar arzuladı. O, Azərbaycanın son illər təxirəsalınmaz beynəlxalq məsələləri müzakirə etmək məqsədi ilə keçirilən qlobal forumlara ev sahibliyi etdiyini bildirdi. Yaşıl Həftə zamanı Beynəlxalq Gənclər Forumu, Ətraf Mühit Diplomatiyası Kursu, Yaşıl İqtisadiyyat dəyirmi masası və ilk dəfə olaraq  Qərbi Avropa regionunun hüdudlarından kənarda ənənəvi Regional Məşvərət İclasının paytaxtımızda keçirildiyini də diqqətə çatdırdı. Leyla Əliyeva, həmçinin Şərqi Avropada UNEP-lə birgə hazırlanmış Yaşıl İqtisadiyyata dair ilkin tədqiqtlara başlamış və tamamlamış ilk ölkə kimi Azərbaycanın tarixə düşdüyünü vurğuladı. Xanım Leyla Əliyeva ölkəmizdə həyata keçirilən “Yaşıl Azərbaycan naminə IDEA” layihəsinə də toxundu.

 

Leyla Əliyeva “3 milyon ağac əkək” təşəbbüsünün də Azərbaycan xalqını birləşdirmək və  ətraf mühitlə bağlı məsələlərə ictimai diqqəti cəlb etmək üçün çox gözəl yol olduğunu bildirdi. Azərbaycanın dini dözümlülük, idealar, dialoq və etiqadlar nöqteyi nəzərindən unikal bir ölkə olduğunu vurğuladı. Müasir gəncliyin planetimizin təbii gözəlliyini qoruyub saxlamaq üçün bir missiyaya başladığını deyən Leyla Əliyeva, məhz bu məqsədlə IDEA kampaniyasına start verildiyini bildirdi. Bu həftə ərzində 25-dən çox ölkədən 50 nümayəndənin bir araya gəldiyini deyən Leyla Əliyeva bunun IDEA-nın BİR DÜNYA, BİR GƏLƏCƏK şüarını əks etdirdiyini dedi. O, həmçinin IDEA kampaniyasının səyləri nəticəsində Azərbaycanda ətraf mühitlə bağlı fənnlərin məktəb proqramına daxil ediləcəyini də vurğuladı.

 

İnsanların sağlam həyat tərzi keçirməsinin vacib şərt olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sədri Suzanna Jakab isə bildirdi ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün yaşıl iqtisadiyyat dayanıqlı inkişafa söykənməlidir.

 

Sonra çıxış edən BMT-nin Ətraf Mühit Proqramının regional direktoru Jan Dusik isə bildirdi ki, Azərbaycan regionda lider dövlət kimi yaşıl iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq və bunun inkişafına çox böyük köməklik göstərəcək. İclasın ikinci hissəsi müzakirələrlə davam etdi.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul