17 Sentyabr 2016

“Beynəlxalq Sahilyanı Təmizlik Günü” ilə əlaqədar təmizlik aksiyası təşkil olundu

17 sentyabr “Beynəlxalq SahilyanıTəmizlik Günü” ilə əlaqədar IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı Buzovna çimərliyi ərazisində növbəti təmizlik aksiyası təşkil etmişdir.

 

100-dən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur. Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi dəniz ətraf mühitinin, xüsusilə zəngin canlı aləminin məhvinə səbəb olur.

 

Təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək, xüsusi nəqliyyat vasitəsi ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil vermişlər.

 

Təmizlik həftəsi ilə əlaqədar keçirilən bu tədbir ictimaiyyətin geniş marağına səbəb olmuş və cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulublar. Tədbir, həmçinin ilk dəfə olaraq, diplomatik korpus nümayəndələrinin – ABŞ-ın ölkəmizdəki Səfiri cənab Robert Sekuta və Səfirliyin əməkdaşlarının iştirakı ilə əlamətdar olmuşdur.

 

IDEA İctimai Birliyi hər il çimərlik mövsümlərindən əvvəl və sonra dəniz sahillərində yüzlərlə gəncin iştirakı ilə “Sahilləri təmiz saxlayaq” şüarı altında kütləvi aksiya keçirir. Bununla yanaşı, IDEA İctimai Birliyi digər su hövzələrində, çaylarda, göllərdə və şəlalələrin ətrafında da oxşar təmizlik aksiyaları həyata keçirir.

 

Aksiya IDEA-nın üzv olduğu BMT-nin "Dəniz tullantıları üzrə qlobal əməkdaşlıq" proqramı çərçivəsində təşkil edilib.

 

Mövsümündən asılı olmayaraq, IDEA İctimai Birliyi hər kəsi sahilyanı ərazilərin timsalında ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır! Unutmayın, sahillərə atılan plastik qablar, metal məhsullar, şüşə qırıntıları, rezin və digər tullantılar çürümür və bununla da dəniz ətraf mühitində yaşayan canlı aləmi məhv edir!

 

IDEA İctimai Birliyi qurumları, təşkilatları və ölkəmizdə təmsil olunan diplomatik nümayəndəlikləri həyata keçirilən ekoloji təşəbbüslərə qoşulmağa dəvət edir.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul