11 Dekabr 2013

“Eko Rəsm Gündəliyi 2013” layihəsinin qalibləri mükafatlandırıldı

10 dekabr 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin təltifolunma mərasimi baş tutub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən layihənin 20 finalçısı diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

 

Mərasimdə bir çox rəsmilər, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, o cümlədən, final mərhələsinə yüksələn məktəblilərin təhsil aldıqları orta məktəblərin nümayəndələri iştirak ediblər.

 

UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin, IDEA İctimai Birliyinin və Panasonic Marketinq MDB-nin (PMCIS) təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq müsabiqənin “Milli qalib”-i adına Bakı Avropa Liseyinin 6a1 sinif şagirdi Fuad Soltanov layiq görülüb. Fuad Soltanov müsabiqənin beynəlxalq turunda iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə yola salınıb. Milli qalib 3-6 dekabr tarixlərində Panasonic şirkətinin dəstəyilə həyata keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib.

 

Müsabiqənin milli turunun finalçıları layihədə iştirak edən 3032 məktəbli arasından seçilib. Məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi “Gündəlik”-lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkərək onların ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə ediblər.

 

Qeyd edək ki, 2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul