01 İyul 2016

“Təmiz Kür!” şüarı altında təmizlik aksiyası keçirildi

30 iyun 2016-cı il tarixində IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında, Neftçala rayonu ərazisində “Təmiz Kür” adlı təmizlik aksiyası təşkil edilmişdir.  

 

Aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. IDEA tərəfindən sanitar normalara uyğun ləvazimatlarla təchiz olunmuş gənclər Kür çayının sahillərini müxtəlif məişət tullantıları və yararsız balıqçılıq torlarından təmizləmişlər. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilmişdir. Aksiyanın əsas məqsədi Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzər faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur.

 

“Təmiz Kür” aksiyası IDEA-nın Xəzər dənizinin faunasının bərpası proqramı çərçivəsində təşkil edilmişdir. Məlumdur ki, ətraf mühit problemlərinin aradan qaldırılmasında normativ və institusional tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlar ilə birlikdə mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən çaylarda bu cür təmizlik aksiyaları təşkil edilir.

 

IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün şəxslərə və  tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətə, flora və faunamıza qarşı diqqətli olmağa, o cümlədən Xəzər dənizinin və çayların sahillərini təmiz saxlamağa çağırır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul