16 May 2017

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirildi

13 may tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın may təlimi ağaclar və fəsillər mövzusuna həsr olunmuşdur.

 

Təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat verilmiş, həmçinin kiçik ekoloqlar ağacların insan həyatında rolu, ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə tanış olmuşlar.

 

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində və interaktiv oyunlarda iştirak etmiş, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” hazırlamışlar. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə birgə ağaclar əkilmiş və onlara qulluq qaydaları göstərilmişdir.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunmuş may laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ağacların Planetimiz üçün böyük əhəmiyyətə malik olduğunu kiçik yaşlardan dərk etmələrinə töhfə vermişdir.

 

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul