
Ceyran / Gazella subgutturosa
Dəstə: Cütdırnaqlılar – Artiodactyla
Fəsilə: Boşbuynuzlular – Bovidae
Kateqoriyası və statusu: VU A2ad; II.1., II.4.
Yayılması: Şirvan MP, Korçay yasaqlığı və çox kiçik bir qrup Qobustan və Acınohur düzündə yaşayır.
Yaşayış yeri və həyat tərzi: Yovşanlı, şoranotlu səhralar və yovşanı –qırtıclı yarımsəhra landşaftlardır. Cütləşmə (noyabr, dekabr), boğazlıq (yanvar – may) və doğum (aprelin sonundan – iyunun ortalarına kimi) dövrləri onların çoxalma xüsusiyətlərini təşkil edir. Boğazlıq müddəti təxminən 5—5.5 aya qədər davam edir. Cinsi yetişkənlik dişi fərdlərdə 7—19 aya, erkək fərdlərdə isə 1.5—2.5 ilə başa çatır. Qida rasionunun əsas tərkibi otlar, taxıllar, şoranlı bitkilər və çoxillik kollardan ibarətdir. Şirin sudan çətinlik olduqda qar və şor sudan da istifadə edirlər.
Sayı: Orta hesabla 7000 başa qədər ceyran vardır.
Məhdudlaşdırcı amillər: Brakonyerlik, biotoplarda ev heyvanlarının otarılması, otlaqların biçilməsi, yaşayış yerlərinin zəbt edilməsi, yandırılması.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: IDEA-nın əlamətdar layihələrindən olan «Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası» çərçivəsində 150 ədəd ceyran Azərbaycan və Gürcüstan ərazilərində öz tarixi yaşayış məskənlərinə buraxılmışdır. Qeyd olunmalıdır ki, sözügedən layihə 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanmış, IDEA təsis olunduqdan sonra isə sonuncu tərəfindən uğurla davam etdirilmişdir. Layihənin məqsədi regionda ceyranların sayının artırılması və onların əvvəllər məskunlaşdığı, lakin müəyyən səbəblərdən tərk etdikləri ərazilərə reintroduksiyası olmuşdur. IDEA İctimai Birliyi və onun layihə tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) təbiətə buraxılan ceyranların uyğunlaşma prosesini mütəmadi nəzarətdə saxlayır. Ceyranların mühafizəsi istiqamətində görülən tədbirlər bu növün populyasiyasının bərpası, hətta saylarının 2,000-dən 7,000-dək artmasına səbəb olmuşdur.