Hörmətli qonaqlar,
Xanımlar və cənablar,
Əvvəla, Sizlərin hər birini Azərbaycanda salamlamaq istərdim – ölkəmizə xoş gəlmisiniz!
Bu gün bu forumda bu qədər hörmətli ekspertləri görməyə şadam. İldən-ilə Forum iştirakçılarının siyahısı artdıqca forumun qlobal əhəmiyyəti də artır.
Biz strateji yeri və unikal təbii kontrastları ilə zəngin olan gözəl ölkəmiz ilə fəxr edirik.
Bizim xalqımız müxtəlif adət-ənənələr, dillər, xalqlar və dinlərlə əsrlər boyunca təmas və əlaqə sayəsində əldə olunmuş qədim və zəngin mədəniyyətə malikdir.
Avrasiyanın mərkəzində yerləşən Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların dəyərlərini mənimsəyib. Azərbaycan həmişə müxtəlif din, millət və adət-ənənələrin məskəni olub. Tolerantlıq bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsidir.
Multikulturalizm ölkəmizin simasını, Azərbaycan cəmiyyətinin xüsusiyyətini və mənasını, eləcə də Azərbaycanın dünya ilə əlaqələrinin çərçivəsini dəyişməyə yardım etdi.
Məsələn, 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılmasında əsas məqsəd təkcə Azərbaycan milli mədəniyyətini xaricdə təbliğ etmək deyil, həmçinin bütün dünyaya tolerantlıq və harmoniya toxumları səpmək idi. Dünyanın müxtəlif yerlərində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin təşkili, Qarabağın ən məşhur və əvəzsiz xəzinəsi olan muğamın təbliği, mədəniyyətlərarası forumlar və eləcə də Avropanın bir sıra aparıcı ölkələrinin paytaxtlarında “Bakıya uçun” adlı incəsənət sərgisindən tutmuş Pakistan, Gürcüstan, Misir, Rusiyada məktəblərin yenidən qurulmasına kimi digər uğurlu layihələr bizim fəaliyyətimizin yalnız bir hissəsini təşkil edir.
Vatikanda Müqəddəs Roma katakombaları və Strasburq Kafedral kilsəsi Heydər Əliyev Fondunun “Tolerantlığınünvanı - Azərbaycan” layihəsi çərçivəsində bərpa olundu.
Heydər Əliyev Fondu, həmçinin Azərbaycanda ekoloji layihələrə də xüsusi diqqət ayırıb. 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk ceyran qrupu təbii yaşayış mühitinə köçürülüb. Daha sonra, 2011-ci ildə Fondun layihəsi çərçivəsində cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədilə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) aksiyasına start verdik.
Regionlarda seminarların təşkil edilməsi, ədəbiyyatın paylanması və yerli ekoloqlara dəstək vermək – bütün bunlar sıravi vətəndaşlar arasında ətraf mühitin durumu ilə bağlı məlumatlılığı artırmaq məqsədilə həyata keçirilib.
Azərbaycanda yaşayan üç milyon gənci təmsil edərək əkdiyimiz üç milyon ağac Azərbaycanlıları bir araya gətirmək və ekoloji problemlərə diqqət yetirmək baxımından əhəmiyyətli addım oldu. Nəticədə, IDEA Kampaniyası və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ölkədə son zamanlar 14 milyon ağac əkilib.
Azərbaycanla yanaşı bütün dünyada gənclər arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı təbliğ etmək məqsədilə dünyanın bir sıra ekoloji təşkilatları ilə əməkdaşlıq münasibətləri qurmuşuq.
İndi IDEA Azərbaycanda ekoloji layihələrin icrası üçün UNEP-in əsas tərəfdaşıdır.
IDEA Gürcüstanda ceyranların reintroduksiyasını nəzərdə tutan layihəyə başlayıb. Bundan başqa, ötən 10 ildə ölkəmiz Qafqaz bəbirlərinin vəziyyətinin qiymətləndirilməsi və onların qorunub saxlaması üçün yanaşmalar işləyib hazırlamaq üçün əhəmiyyətli işlər görüb.
Avropada çox nadir hesab olunan bu gözəl heyvana uzun müddət idi ki, heç yerdə rast gəlinmirdi. Bu gün, bu nadir və nəsli kəsilməkdə olan heyvan növünün yalnız Azərbaycanda mövcud olması sübuta yetirildikdən sonra bizim məqsədimiz onları qorumaq və vəhşi heyvanlar üçün təbii şəraitdə yaşayış şəraitini təmin etməkdir.
Ekoloji problemlər barədə məlumatlılığın artırılması istiqamətində atılmış növbəti uğurlu addım “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq müsabiqə oldu. “Mən təbiəti sevirəm və Təbiətin çirklənməsindən qorxuram” adlı ilk foto müsabiqədə dünyanın 90-dan çox ölkəsindən 1200 uşaq iştirak etdi.
Növbəti "Su yoxdur - həyat yoxdur" müsabiqəsinə 2014-cü ildə start veriləcək. Bu müsabiqə uşaqların qlobal ekoloji problemlərlə bağlı fikir və narahatlıqlarının ifadə edilməsi üçün növbəti əlavə platformadır.
Bizim təbiətimizin gələcəyi bizim, ailəmizin və cəmiyyətimizin, eləcə də gələcək nəsillərimizin yaşayışını təmin edəcək ekologiya barədə bələdçi olmaq baxımından yaxşı təhsilli cəmiyyətdən asılıdır.
Buna görə də istəyirik ki, insanlar elə erkən yaşlarından özlərində əməkdaşlıq və məsuliyyət dəyərlərini möhkəmləndirsinlər və biz də uşaqları təkcə problem həll edən deyil, həmçinin problem axtaran və həll yolları müəyyən edən şəxslər olmasına həvəsləndirək.
Xanımlar və Cənablar,
Ümid edirəm ki, Azərbaycanın nümunəsi hamımızın ümumi planeti olan Yer kürəsi naminə bir araya gəlmək baxımından dünya ictimaiyyəti üçün yaxşı ssenari olacaq.
İnanıram ki, bizdən gələcəyimizin memarı olmaq tələb olunur, gələcəyimizi itirən yox.
Biz öz yardım əlimizi qonşularımıza uzatdıqca onlara xatırladırıq ki, biz onlarla təkcə sərhədlərimizi deyil, həmçinin eyni regionu bölüşürük.
Düzdür, ola bilsin ki, bunun üçün bizə illər, onilliklər, hətta bir neçə nəsil lazım olsun, lakin əgər biz nə etmək istədiyimizi açıq şəkildə biliriksə, onda biz atalarımızın bizə qoyub getdiyi bünövrə üzərində bunu edə bilər və gerçəkləşmiş arzularımızı uşaqlarımıza ötürə bilərik.
Mən buna şübhə etmirəm. İnanıram ki, burada, Bakı Humanitar Forumunda təmsil olunan ekspertlərin keyfiyyəti, səlahiyyəti və sayları açıq beynəlxalq dialoq üçün bir möhkəm platforma olacaq.
Bir daha, hər kəsi Azərbaycanda salamlayıram və ümid edirəm ki, sizin burada olmağınız Avropanın şərq paytaxtında qonaqpərvərliyin həqiqi mənasını daha yaxşı dərk etmək baxımından sizlərə yardımçı olacaq.
Çox sağ olun!