14 Yanvar 2014

Leyla Əliyeva UNEP-in Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olmuşdur

 

Yanvarın 13-də 2014-cü il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olmuşdur.


Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü oldu. IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırdı.


Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə reallaşdırdığı layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırladığını bildirdi.

 

Bİzə qoşul