02 İyul 2012

Leyla Əliyevanın Krans Montana forumundakı çıxışı

 

Hörmətli qonaqlar,


Xanımlar və cənablar,


Zati-aliləri,


Mənə bu gün burada böyük həvəslə danışmaq istədiyim bir mövzuda, yəni gənc nəsli zamanımızın ən aktual problemi olan ətraf mühitin qorunması istiqamətində addımlar atmağa həvəsləndirmək barədə danışmaq şansı verdiyinizə görə çox şadam. Mən bu xüsusi imkandan yararlanaraq davamlı ətraf mühitin təmin edilməsində gələcək liderlərin rolunun artırılması üzrə perspektivlərimi təklif etmək istərdim.

Şübhəsiz ki, biz bu müzakirəni bəşəriyyət üçün həlledici anda aparırıq. Dünyanın bir çox xalqları üçün ətraf mühiti qorumaqla davamlı inkişaf təxirəsalınmaz tədbirlərin görülməsini labüd edən kritik məsələdir. Bu gün qarşılaşdığımız ekoloji problemlər heç bir sərhəd tanımır və xalqın rifahı ilə yanaşı əhalinin sağlamlığını, hətta təhlükəsizliyini risk altına almış olur. Buna görə də ətraf mühitin deqradasiyası, təbii resursların idarə olunması, iqlim dəyişikliyi və digər kritik məsələlər bütün ölkələrlə əməkdaşlıq şəklində və beynəlxalq ictimaiyyətin hər bir üzvünün öhdəliklərinin yerinə yetirilməsi yolu ilə həll edilməlidir.

21-ci əsrdə bizim dünyamız az, lakin bir-biri ilə əlaqəli şəkildə inkişaf edir. Bütün bu illər ərzində alimlər qloballaşmanın ətraf mühitə təsirini araşdırıb və indi biz əminliklə deyə bilərik ki, qloballaşmanın ətraf mühitə mənfi təsiri nisbətdən daha çoxdur. Biz qloballaşmanın təbii ətraf mühitimizə mümkün birbaşa və dolayısı təsirini aradan qaldırmaq uçün bunu başa düşməli, balanslaşdırmalı və əlimizdən gələni etməliyik. Və dünya ölkələri buna danışıqlar aparmaq, qüvvədə olan saziş və razılaşmaları icra etməklə nail olmaq istəyirsə, gənc nəslin özünün  də oynamağa vacib rolu var.

Cəmi bir ildir ki, Azərbaycanda IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) Kampaniyasına start vermişik  və bizim missiyamız ekoloji məlumatlılığı artırmaq məqsədilə gənclərlə birgə çalışmaqdır. IDEA pozitiv və davamlı ekoloji dəyişikləri yaratmaqdan ötrü gənc nəsli təmin etmək üçün bütün əsas inqrediyentləri özündə əks etdirən dialoq, fəaliyyət, liderlik və təhsil prinsiplərinə əsaslanır.

Bütün dünyada artmaqda olan ekoloji problemlər regional əməkdaşlıq tələb edir. Azərbaycanda və Cənubi Qafqazda biz zəngin təbiət möcüzəsi və 11 iqlim qurşağından doqquzunun mövcud olduğu bir regionda yaşadığımızı öyrənə-öyrənə fəxrlə böyüyürük. Lakin biz, həmçinin bilirik ki, bu regionda tükənmək təhlükəsi olan növlərdən tutmuş su təchizatı və insan sağlamlığına sənayenin çirklənməsinin təsirinə kimi ciddi ekoloji problemlər mövcuddur.

Azərbaycanda ekoloji durumla bağlı narahatlıq ciddi qəbul olunur. Deməli, IDEA Kampaniyasının missiyalarından biri fikir mübadiləsinə imkan yaratmaq, debatlar təşkil etmək, şəbəkə qurmaq, milli və regional səviyyədə gənclər arasında bu narahatlığı aradan qaldırmaq üçün əqli gücü səfərbər etməkdir. Bu, mənim bir neçə həftə öncə Cenevrədə UNEP rəsmiləri ilə görüşüm zamanı müzakirə etdiyim əsas mövzu oldu. Biz, həmçinin Azərbaycanda və Qafqazda “yaşıl iqtisadiyyat”ın təbliğinə yönələn bir sıra təşəbbüslər barədə danışdıq.

Bizim ətraf mühitlə əlaqəmizi anlamaq üçün çox iş görülməlidir və inanıram ki, başlamaq üçün ən yaxşı yer sinif otağıdır. Bizim uşaqlarımız Yer kürəsinin fiziki və bioloji sistemlərinin  quruluşu, onların fəaliyyətinin nəzərdə tutulan və tutulmayan müsbət və mənfi nəticələri, eləcə də insan tərəfindən yaradılmış və təbii sistem arasında qarşılıqlı əlaqə barədə biliklərə malik olmalıdırlar. Təhsil ətraf mühit sahəsində gələcək liderləri zamanımızın ekoloji tələbləri ilə münasibətdə istifadə olunacaq zəruri bilik və alətlərlə təmin edəcək.

Biz mesajımızı aydın və yüksək səslə göndərməliyik – təmiz dünya və təmiz ətraf mühit təmiz cəmiyyət ilə başlayır. Gənclər arasında məlumatlılığın artırılması və onlara yenidən emalın artırılması, tullantıların azaldılması, enerjinin qorunub saxlanması, suyun yenidən istifadəsi və qorunması, ekoloji yaşıl təcrübənin təbliğ edilməsi kimi vasitələrin öyrədilməsi, nəinki onların cəmiyyətinə faydalı olacaq, hətta iqlim dəyişikliyin sürətini azaldacaq və planetimizin gələcəyini müəyyən etmək üçün təhlükə olan ekoloji deqredasiya tendensiyasını tam olaraq dəyişəcək.

Gələcək bizim bu gün necə yaşamağımızdan asılıdır. Bu, bütün dünya gənclərinin anlamalı olduğu reallıqdır.  Biz ekologiyamız üçün məsuliyyəti üzərimizə götürməli və qəbul etməliyik ki, bu gün atdığımız addımlar sabahkı bəhrələrimizin toxumlarıdır. Bu gün Azərbaycanın ekoloji problemləri əsasən onun nəzarətindən kənar yaranan bir sıra problemlərdir. Uzun illər boyunca Sovet imperiyasının səhv ekoloji siyasəti, o cümlədən təbii ehtiyyatlarımızın məsuliyyətsizcəsinə istismarı nəticəsində sahil və dənizin çirklənməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi, meşələrin məhv edilməsi və digər ciddi problemlər dövlətimiz tərəfindən həll edilməli məsələlərdir.

Yerindən və səbəbindən asılı olmayaraq, istənilən müharibə təbiətə  bərpa olunması mümkün olmayan zərərlər vurur. Sizə sadə bir nümunə gətirəcəyəm: tükənmə riski altında olan Qafqaz bəbiri – bu problem Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi nəticəsində yaranıb. Sərhədlərində yüksək hərbi təsirin mövcud olduğu regionlarda təhlükəsiz regionlararası vəhşi təbiət dəhlizi ideyası böyük bir problemdir. Buna görə də, ötən il, IDEA yeni layihəyə start verdi. “Böyük Beşlik” layihəsi Qafqazın beş ən vacib heyvanı ətrafında qurulub – bunlar ayı, qartal, canavar, ceyran və bəbirdir. Bu beş heyvanın mövcudluğu regional ekosistemin sağlamlığını simvolizə edir. Biz, həmçinin 2010-cu ili Azərbaycanda Ekologiya İli elan etdikdən sonra 21 milyon ağac əkmişik.

IDEA kampaniyası, həmçinin gənc nəslə görmək istədikləri gələcək barədə təkliflərini verə biləcəkləri platforma vermək üçün bu kreativ layihələrdən yararlanır. Azərbaycan həm də dünyanın ən gənc əhalisinə malik olan ölkələrdən biridir. Bizim üçün bu gəncləri cəlb etmək, onları həvəsləndirmək və onlarla əlaqə saxlamaq, onları inkişafımızı davamlı edən strategiya və siyasətin inkişafında mərkəzi nöqtə olmağa əmin etmək olduqca vacibdir. Foto müsabiqələr, rəsm sərgiləri, inşa, kitab yazma müsabiqələri və digər kreativ vasitələr bizə gənclərə yardım əlimizi uzadaraq onların dünya barədə narahatlıq və rəylərini dinləməyə kömək edir.

 

Hörmətli qonaqlar,

Ötən həftə dünyanın bir sıra ölkələrinin Dövlət və Hökumət başçıları Braziliyanın Rio de Janeyro şəhərində davamlı inkişaf, planetimiz, bu günkü və gələcək nəsillərimiz üçün iqtisadi, sosial və ekoloji cəhətdən davamlı gələcək naminə öhdəliklərini təsdiq etdilər. Onlar, həmçinin təsdiq ediblər ki, davamlı inkişaf təxirəsalınmaz addımlar tələb edir və yalnız qərar qəbul edilməsində iştirak edən və davamlı inkişaf üçün əsas narahatlıqlarını dilə gətirən insanlar arasında əməkdaşlıq vasitəsilə həll edilə bilər. İnanmaq istərdim ki, bu həll yolları və öhdəliklər sadəcə olaraq kağız üzərində qalmayacaq və “yaşıl iqtisadiyyat”, “davamlı inkişaf” və “ətraf mühitin idarə olunması” ideyaları gələcək fəaliyyətimizdə öz əksini tapacaq.

İnanıram ki, gənclər davamlı inkişafa nail olmaq üçün əllərindən gələni edəcəklər. IDEA olaraq əminik ki, dialoq ekologiya ilə bağlı məlumatlılığın artırılmasının mənbəyini təşkil edir. Həmçinin inanırıq ki, effektiv fəaliyyət planları hər hansı konstruktiv dialoqun əsas elementidir. Və ən vacibi, təhsil effektiv fəaliyyət planını qurmaq üçün əsas amildir. Ona görə də, gəlin öyrənək və öyrədək! Gəlin öyrənək və yaradaq! Gəlin əl-ələ verək və bu amal uğrunda birləşək! Ən nəhayət, Yer Kürəsi bizim ümumi və yeganə evimizdir.

Təşəkkür edirəm!

Bİzə qoşul