21 May 2012

Leyla Əliyevanın “Böyük beşlik” sərgisindəki çıxışı

 

Əziz qonaqlar! Xanımlar və cənablar!

 

Hər şeydən əvvəl, sizi gözəl şəhərimiz Bakıda salamlayıram. “Qız qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalı çərçivəsində keçirilən “Böyük beşlik” sərgisinə xoş gəlmisiniz.  Bu tədbiri təşkil etdiklərinə görə  Bakı Müasir İncəsənət Muzeyi, “Qız Qalası” Rəsm Qalereyası, İçəri Şəhər Dövlət Tarix və Memarlıq Qoruğu, Bakı Jurnalı və IDEA komandasına xüsusi minnətdarlığımı bildirirəm.

 

Çox böyük uğur qazanan bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir. Bu gün biz burada Azərbaycanda və Cənubi Qafqazda ən gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardan biri olan ceyranı nümayiş etdiririk.

 

Bildiyiniz kimi, keçən il biz Azərbaycan ərazisində məskunlaşan nadir heyvan nümunələrinin qorunmasını nəzərdə tutan layihəyə başlamışıq. “Böyük beşliy”ə daxil olan heyvanlara, o cümlədən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirinə  xüsusi diqqət verilib. Siz burada regionumuzda geniş yayılmış ceyran növləri ilə tanış ola bilərsiniz.

 

Qafqaz ceyranları Azərbaycanın sehrli nağıllarında və musiqilərində hər zaman zəriflik və gözəllik rəmzi olmuşdur. Təəssüf ki, ceyranlar Cənubi Qafqazda nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıyadır. Ötən il Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. IDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik. Bildiyiniz kimi, IDEA Kampaniyası təxminən bir il əvvəl yaradılmışdır. Bu müddət ərzində biz ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirmiş və çox müsbət nəticələr əldə etmişik.  IDEA-nın digər maraqlı bir layihəsi burada, qədim Qız qalasının qarşısında reallaşdırılır. Qız qalası şəhərin dəniz sahilində yerləşdiyindən uzunqanad quşlar Afrikadan Azərbaycana uçub gələrək burada yuva salırdılar. 2008-ci ildə qala üzərində başlanmış restavrasiya işləri nəticəsində bu quş yuvaları məhv ola bilərdi və  IDEA Kampaniyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə qalanın sağ hissəsində bu quşlar üçün alternativ yuvalar tikdi.

 

Əziz dostlar,


Bu gün biz Azərbaycan və 23 müxtəlif ölkəni təmsil edən xarici rəssamlar tərəfindən çəkilmiş ceyran şəkillərinin kolleksiyasını nümayiş etdirəcəyik. Bizim əvvəlki sərgilərimizdə iştirak etmiş peşəkar rəssamlar, eləcə də həvəskar rəssamlar, o cümlədən bəzi ailə üzvlərim rəsm çəkilmə prosesinə öz töhfələrini veriblər. Siz bizim 2010 və 2011-ci illərdə “Qız Qalası” Festivalı çərçivəsində təşkil etdiyimiz Qız Qalası şəkil sərgilərini yaxşı xatırlayarsınız. Əvvəlki sərgilərimizin uğuru bu tədbirlərin mesajlarının geniş ictimaiyyətə çatdırılma imkanlarına malik olmasını təsdiq edir. Bu rəssamların hər biri bu gözəl heyvanların rəsmlərinin çəkilməsində müxtəlif perspektivlərə malik ola bilər, lakin onların hər birinin bir mesajı var – yaşadığımız dünyada sülhün, sevginin və qarşılıqlı anlaşmanın vacibliyi. Bu ideya IDEA-ın əsas devizinə uyğun gəlir: “Gələcək üçün Bir dünya”. Xatırlatmaq yerinə düşər ki, bu layihə çərçivəsində ceyran şəkilləri İstanbul, Roma və London kimi dünyanın müxtəlif şəhərlərində nümayiş olunacaq.

 

Üzümüzə gələn həftələr Bakının mədəni həyatı üçün xüsusi əhəmiyyətə malikdir: paytaxtımız “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək; iki gün əvvəl Bakı Müasir İncəsənət Muzeyində müasir Afrika incəsənət nümunələri əks olunan sərgi təşkil edilib.


Bu gün, may ayının 19-u, həmçinin IDEA komandasının bütün üzvləri üçün yaddaqalan bir gün oldu. Bir neçə saat öncə, biz Dövlət İdarəçilik Akademiyasında IDEA Resurs mərkəzinin açılış mərasimində iştirak etdik. Yeni mərkəz yaratmaq, qorumaq və qayğısına qalmaq niyyətində olan hər kəs üçün bir məkana çevriləcək. Bu mərkəz vasitəsilə çoxlu sayda kreativ ekoloji ideyalar və təcrübələr yaranacaq və ictimaiyyətə təqdim olunacaq. IDEA Resurs Mərkəzi innovasiya, liderlik və aktiv fəaliyyətlə fərqlilik nümayiş etdirəcək.

 

Bu pozitiv fikirlərlə, Sizi bu gecədən ləzzət almağa dəvət edirəm. Təşəkkür edirəm!

Bİzə qoşul