23 Noyabr 2012

Prezident İlham Əliyevin "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" sərgisinin iştirakçılarına müraciəti

 

Hörmətli konfrans iştirakçıları!

 

Sizi – “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə bu xeyirxah işinizdə uğurlar diləyirəm.


Fərəhləndirici haldır ki, ətraf mühit mövzusunda bu cür sərgilər artıq ölkəmiz üçün bir ənənəyə çevrilib. Son illər ərzində əldə etdiyimiz nailiyyətlər respublikamızın iqtisadi təməlini gücləndirib və qeyri-neft sektorunun, infrastruktur sənayesi və regionların inkişafı üçün imkanlar yaradıb və ətraf mühitin təhlükəsizliyinin təmin olunması üçün addımlar atılıb.

Bu günə kimi təbii resurslar və biomüxtəlifliyin qorunması ilə bağlı bir sıra vacib ekoloji layihələr həyata keçirilib. Hal-hazırda, ictimaiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti ekoloji problemlərə cəmlənib və bizim ekoloji siyasətimiz uğurla icra olunmaqdadır.

Ətraf mühitin mühafizəsinin gücləndirilməsi məqsədilə bəzi pilot layihələrin icrasında ekoloji tələblərə cavab verən yeni texnologiyadan istifadə əla nəticələrin əldə olunmasına öz töhfəsini verib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda ekoloji problemlər, sosial və iqtisadi həyatın bütün aspektləri hər zaman diqqət mərkəzində olub. Vətəndaşlarımızın sağlam ətraf mühitdə yaşamaları üçün ən müasir “yaşıl texnologiyadan” istifadəni artırmalıyıq.

Əminəm ki, “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi öz məqsədlərinə nail olmaqda səmərəli olacaq.

 

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bİzə qoşul