Bizquyruq Ördək

Bizquyruq ördək
Northern Pintail
Anas acuta
Abşeron Milli Parkı
Quşlar sinfinin Qazkimilər dəstəsinin Ördəklər fəsiləsinə aid quş növüdür. Köçəridir və qış aylarında subtropik və tropik bölgələrə köç edir. Yazda digər ördəklərdən daha tez yuvalama yerlərinə qayıdırlar.
Zərif və incə bədən quruluşu ilə seçilir. Onun uzun boynu, iti qanadları və erkəyin iynəvari uzun quyruğu quşa xüsusi görünüş verir və məhz bu xüsusiyyətinə görə “bizquyruq ördək” adlanır. Erkəklərin uzunluğu 61–76 sm, dişilərin 51–57 sm, qanad açıqlığı isə 80–95 sm olur. Erkəklərin çəkisi 550–1300 q, dişilərin çəkisi isə 400–1050 q arasında dəyişir.
Cütləşmə dövründə erkək ördək daha parlaq rənglərə malik olur: başı şabalıdı rəngdədir, boyun və bədənin alt hissəsi boyunca ağ zolaq uzanır. Bel və yan hissələr boz rəngli naxışlarla örtülür, qanad “güzgüsü” isə bənövşəyi-bürünc çalarlıdır. Dişi isə boz-qəhvəyi xallı rəngdə olub digər çay ördəklərinin dişilərinə bənzəyir.
Bu növ sürətlə uçur və sudan asanlıqla qalxa bilir. Dayaz sularda molyusklar, xərçəngkimilər, su həşəratlarının sürfələri, həmçinin su bitkilərinin toxum və kökləri ilə qidalanır.
Yuvanı adətən su hövzələrinə yaxın ərazilərdə qurur və bir dəfəyə təxminən 7–10 yumurta qoyur. Balalar yumurtadan çıxandan bir neçə saat sonra qaça və üzə bilir.
