Çöl Donuzu

Çöl donuzu və ya qaban
Wild Boar
Sus scrofa
Şirvan Milli Parkı
Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Donuzlar fəsiləsinə aid heyvan növüdür.
Bədənin uzunluğu 130-175 sm, kütləsi 60-150 kq olur. Rəngi açıq bozdan qarayadək, ayaqları qısa, nisbətən nazikdir. Başı iridir, bədənin 1/3 hissəsini təşkil edir. Başın ölçü və forması yeri qazmağa uyğunlaşıb. Qulaqları uzun və enli, gözləri xırdadır. Bədəni qalın tüklüdür, qışda daha sıx olur. Bala donuzlar zolaqlı olurlar.
Sürü halında yaşayırlar. Bitkilərin yaşıl hissələrini, köklərini, kök yumrusunu, meyvə gilələrini, qozu, həşəratları, xırda heyvanları - molyuskları, balıqları, gəmiriciləri və quşları yeyir.
Cütləşmə noyabr-yanvar aylarında başlayır. Erkəklər xırda donuzları sürüdən qovub, dişiləri təqib edirlər. Hamiləlik dövrü 124-140 gün çəkir. Orta hesabla 4-6, nadir hallarda 12 bala doğulur. Əsas təbii düşməni canavardır.
