Layihələr

Dəniz Ekosistemlərinin Qorunması

ResourceDetailTopImage

Son onilliklərdə nərə balığı növlərindən olan bölgə və Xəzər qızılbalığı kimi nadir balıq növlərinin təbii populyasiyaları çirklənmə, brakonyerlik və həddindən artıq balıq ovu da daxil olmaqla insan fəaliyyətinin təsiri nəticəsində yox olmaq həddinə çatmışdır. Son on il ərzində IDEA İctimai Birliyi Xəzər dənizində nərə və digər qiymətli balıq növlərinin populyasiyalarının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Mavi Dəniz Fondu” (Blue Marine Foundation-BLUE) ilə əməkdaşlığını müxtəlif layihələr çərçivəsində davam edib.            

Problemin milli səviyyədə həlli istiqamətində IDEA və tərəfdaşlarının dəstəklədiyi tədbirlərdən biri 2018-ci ilin sentyabr ayında Qızılağac Dövlət Təbiət Qoruğunu və bütün Qızılağac körfəzini əhatə edən Qızılağac Milli Parkının yaradılması olub. Bu, Xəzər dənizində ilk dəniz mühafizə ərazisidir və onun yaradılması dünyanın ən çox nəsli kəsilmək təhlükəsi altında olan bəzi balıq növlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Köçəri quşlar üçün əhəmiyyətinə görə 2001-ci ildə beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi elan edilmiş Qızılağac Dövlət Təbiət Qoruğu müxtəlif keçici balıq növləri üçün kürüləmə sahələri təmin edən Kür çayının mənsəbində yerləşir.

IDEA, BLUE və Ekologiya və Təbii Sərvətlər Nazirliyi potensial kürüləmə məkanlarını müəyyən etmək üçün ərazidə araşdırmalar aparmış və davamlı şəkildə nərə balıqlarının yetişdirilməsi istiqamətində əməkdaşlıq edib. Daha sonra həmin balıqlar müəyyən edilmiş ərazilərə buraxılıb. 2018-ci ilin may ayından etibarən Neftçalada yerləşən Xıllı dövlət balıqartırma təsərrüfatı tərəfindən milyonlarla nərə balığı körpəsi yetişdirilərək təbii mühitə buraxılıb. IDEA Xəzər dənizində vəhşi balıq populyasiyalarının artırılması istiqamətində fəaliyyətlərini daha da genişləndirməkdə qərarlıdır.

Xəzərdə İlk “Ümid yeri”

8 noyabr 2019-cu il tarixində, IDEA İctimai Birliyinin təqdimatına əsasən, yeni yaradılmış Qızılağac Milli Parkı dünya sularının xilası üçün ümid yeri kimi seçilmişdir. Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.

“Zəngin Hövzələr” Layihəsi

2020-ci il 7 may tarixində Azərbaycanın daxili su ehtiyatlarının qorunması və yaxşılaşdırılması məqsədilə IDEA və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə böyük yeni layihəyə start verildi. “ZənginHövzələr” adlı layihə dövlət və özəl balıqartırma təsərrüfatlarının dəstəyi ilə çay və göllərdə balıqburaxma tədbirlərinin həyata keçirilməsini, ölkənin balıq ehtiyatlarının bərpasını, su hövzələrində çirklənmənin azaldılması üçün təmizlik aksiyalarını, həmçinin maarifləndirmə fəaliyyəti vasitəsilə davamlı balıqçılığın təşviqini nəzərdə tutur.



Helper