Layihələr

IDEA COP29-da

ResourceDetailTopImage

IDEA BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) fəal iştirak edib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bir sıra yüksək səviyyəli tədbirlərdə çıxış edərək gənclərin rolunu, ekoloji təhsilin əhəmiyyətini və dayanıqlı gələcəyin təmin olunması üçün birgə səylərin vacibliyini vurğulayıb. IDEA-nın təşəbbüsü ilə iqlim fəaliyyəti, biomüxtəlifliyin qorunması, gənclərin iştirakı və ətraf mühitin mühafizəsi üzrə innovativ həllərə həsr olunmuş bir neçə tədbir keçirilib.

Beynəlxalq tərəfdaşlar sırasında Beynəlxalq Təbiəti Mühafizə birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu və Clean Air Fund da daxil olmaqla bir çox qurum yer alıb ki, bu da qlobal ekoloji çağırışların həllinə yönəlmiş geniş beynəlxalq əməkdaşlığı və ortaq öhdəliyi nümayiş etdirib.

 

IDEA Pavilyonu: Dialoq və Təşəbbüslər Məkanı – 5,000 ziyarətçi

Konfrans çərçivəsində IDEA öz pavilyonunu təşkilatın ekoloji layihələrini, strateji prioritetlərini və dayanıqlılığa yanaşmalarını nümayiş etdirən məlumatlandırıcı və interaktiv məkan kimi təqdim edib.

Pavilyonun dizaynı ənənəvi sənətkarlığı müasir dayanıqlılıq təcrübələri ilə birləşdirib. Pavilyonun əsas elementi Azərbaycanın Astara rayonuna məxsus ənənəvi həsirçilik sənəti əsasında hazırlanmış əl işi olub. Musaküçə kəndindən olan qadın sənətkarlar tərəfindən hazırlanan toxunma elementləri qamış, ciyən və saman kimi təbii və yerli mənşəli materiallardan istifadə olunaraq hazırlanıb. Bu materiallar bərpa olunan, bioloji parçalanan və ətraf mühitə az təsir göstərən resurslardır.

Pavilyonda həmçinin təbii həyat dövrünü və ekoloji tarazlığı simvolizə edən “Infinity” instalyasiyası nümayiş etdirilib. Bu instalyasiya IDEA-nın əsas prioritet mövzularından olan hava çirklənməsi və qida tullantıları məsələlərinə toxunaraq onların ətraf mühitə təsirini vurğulayıb və məsuliyyətli istehlakı, eləcə də gündəlik həyatda zərərin azaldılmasına yönəlmiş addımları təşviq edib.

Bundan əlavə, pavilyonda təkrar emal olunmuş plastikdən hazırlanmış 3D çap mebellərdən istifadə olunub ki, bu da IDEA-nın innovativ və dövri iqtisadiyyata əsaslanan həllərə marağını nümayiş etdirir. Ümumilikdə, IDEA Pavilyonu ənənəvi biliklərin, yerli istehsalın və müasir texnologiyaların dayanıqlı təcrübələrin və ekoloji məsuliyyətli dizaynın beynəlxalq tədbirlərdə təşviqi üçün necə inteqrasiya oluna biləcəyini nümayiş etdirib.



photo
Helper