Yay Düşərgələri

Vəhşi Təbiətin Qeydinə Qalmağlı Öyrənirik!
IDEA-nın ətraf mühit düşərgələri 2014-cü ildən başlayaraq hər il Azərbaycanın müxtəlif bölgələrində keçirilir və bu fəaliyyətə yüzlərlə məktəbli cəlb olunur. Düşərgələr əsasən üç fərqli mövzuda keçirilir: “Bəbirləri qoruyaq!”, “Ceyranları qoruyaq!” və “Zubrları Təbiətimizə Qaytaraq!”. Yay düşərgələrinin məqsədi məktəbli uşaqlar arasında regionda nəsli kəsilməkdə olan fauna növləri və onları mühafizə proqramları haqqında məlumatlılığı artırmaq və vəhşi təbiətə daha qayğıkeş davranışı təşviq etməkdir. Düşərgələr Azərbaycan Gənclər Fondu, Elm və Təhsil Nazirliyi və WWF Azərbaycan ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Düşərgələr zamanı gənclər üç fauna növü haqqında mühazirələrə qulaq asır və onların həyat tərzləri, yaşayış yerləri və təbiətdəki rolu haqqında məlumat əldə edirlər. Bundan əlavə, onlar ekoloji tədqiqat təcrübələrində, tematik oyunlarda və yarışlarda iştirak edirlər. Proqrama milli parklara və digər qorunan təbiət ərazilərinə ekskursiyalar da daxildir.
