Yer Saatı

Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Yer Saatı hərəkatı 2007-ci ildə Avstraliyada planetimizin üzləşdiyi problemlərə, o cümlədən iqlim dəyişikliyinin təsirlərinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi ilə başladılmışdır. Yer Saatı zamanı hər il martın son şənbə günü böyük şəhərlərdəki əlamətdar binaların işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür. Azərbaycan 2011-ci ildə bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına qoşulmuş və o vaxtdan başlayaraq kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkədə keçirilir. 2014-cü ildə isə IDEA-ya WWF tərəfindən rəsmi milli koordinator statusu verilmişdir. Hər il WWF Azərbaycanla birlikdə Bakının mərkəzində Yer Saatı çərçivəsində kütləvi şənliklər təşkil olunur və şəhərin bir çox əlamətdar binalarında işıqlar söndürülür.
