Zubrların Reintroduksiyası

Qafqaz planetin həm bioloji müxtəliflik baxımından ən zəngin, həm də ən çox təhlükə altında olan bölgələrindən biridir. Bölgənin meşələri, dağları və quraq landşaftları saysız-hesabsız vəhşi canlılara ev sahibliyi edir, lakin bu canlılar sürətlə yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu gün təəccüblü səslənsə də, vaxtilə bu ərazilərdə Asiya şiri, Xəzər pələngi və Asiya gepardı kimi iri yırtıcılar yaşayırdı. İnsan fəaliyyəti nəticəsində bu torpaqların yarısı dəyişdirildiyi üçün bəzi növlərin itirilməsi demək olar ki, qarşısıalınmaz hal alıb. Bununla belə, qiymətli təbii ekosistemlərimizə daha böyük və ciddi zərərin qarşısını almaq üçün mövcud olan bütün növlərin qorunması və bərpası istiqamətində çalışmalıyıq.
Qafqaz zubru- zubr növünün bir yarımnövü, əsrlər boyu Azərbaycanda yaşamış, lakin tarixi dövrlərdə tamamilə məhv edilmişdir. Avropa zubru (və ya meşə kəli) vəhşi öküzlərin günümüzədək gəlib çatan yeganə növü və Avropa ekosistemlərində yaşayan ən iri quru məməlisidir. Bu heyvan eyni zamanda, hazırda dünyada ən çox təhlükə altında olan növlərdən biridir. IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən həyata keçirilən layihə bu əhəmiyyətli fauna növünün yenidən təbiətimizə qaytarılmasına həsr olunub. Layihə çərçivəsində 2017-ci ildə zubrların adaptasiya mərkəzi inşa edilib. İlk mərhələdə 2019-cu ildə Avropanın müxtəlif parklarından 12 zubr Azərbaycana gətirilib. Həmin heyvanlar o vaxtdan etibarən uğurla çoxalır və iki illik uyğunlaşma dövründən sonra 20 Avropa bizonu Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılıb. GPS cihazları ilə təchiz olunan bu heyvanların hərəkəti və sağlamlığ daim izlənilir və monitorinq edilir, bu da gələcəkdə vəhşi populyasiyanın qorunmasına fayda verə biləcək dəyərli məlumatların toplanmasına imkan yaradır. 2022-ci ilin sonu və 2026-cı ildə Azərbaycana yenidən reintroduksiya məqsədilə zubrlar gətirilib. Şahdağ Milli Parkı zubrların uzun zaman sonra Cənubi Qafqazda yenidən sərbəst şəkildə yaşayacağı ilk məkanına çevrilib.
Glen Shirranın Səyahəti
2013-cü ildə Berlində doğulan Glen Shirra bir gün baş tutacağı simvolik səyahətdən xəbərsiz böyüyürdü. 2019-cu ildə onun yolu Qafqaza düşdü və beləliklə o, tarixi torpaqlarına qayıtdı. İki illik uyğunlaşma dövründən sonra Glen Shirra Azərbaycanın meşələrinə buraxıldı və qısa müddətdə yeni mühitinə uyğunlaşdı. Doqquz ay sonra o, Azərbaycanın təbii irsi üçün ümid rəmzinə çevrilən Şahzubarı dünyaya gətirdi. Ailəsi böyüdükcə onlar Qafqaz ekosisteminin yenidən canlandırılmasına töhfə verməyə başladılar. Bu gün Glen Shirra və onun balaları digər 66 zubr ilə birlikdə Şahdağ Milli Parkında yaşayır və onların mövcudluğu təbiətin sarsılmaz ruhunun simvoluna çevrilib.
