Qızılağac Milli Parkı


Qızılağac Milli Parkı haqqında
Qızılağac Milli Parkı Azərbaycan Respublikasının ən geniş və ekoloji baxımdan ən əhəmiyyətli su-bataqlıq ərazilərindən biridir. Park 26 sentyabr 2018-ci ildə yaradılmış və Xəzər dənizi sahili boyunca yerləşən unikal ekosistemlərin qorunması məqsədi daşıyır. Milli park Lənkəran, Masallı və Neftçala rayonlarının ərazisini əhatə edir.
99 060 hektar sahəni əhatə edən Qızılağac Milli Parkı su-bataqlıq landşaftları və Xəzər dənizi sahili ekosistemləri ilə seçilir. Park köçəri quşların əsas miqrasiya və qışlama məkanlarından biri olmaqla yanaşı, nadir bitki və heyvan növlərinin mühafizəsində mühüm rol oynayır.
Qızılağac Milli Parkı ətrafı zəngin təbii və mədəni irsə malikdir. Buraya “Şeyx Zahid” türbəsi, “Xəlifə” türbəsi, “Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi, Mirəhməd Xanın evi, Lənkəran Mayakı və Bəlləbur qalası daxildir. Bu abidələr bölgənin tarixi və mədəni kimliyini əks etdirir və ekoturizm marşrutlarının zənginləşdirilməsinə imkan yaradır.

Qızılağac Milli Parkında ekoturizm
Qızılağac Milli Parkında ekoturizm fəaliyyəti əsasən quş müşahidəsi, təbiət maarifləndirilməsi və ekoloji tədqiqatlarla bağlıdır. Parkın geniş su-bataqlıq əraziləri ziyarətçilərə quşların təbii yaşayış mühitində izlənməsi üçün əlverişli şərait yaradır.
Ekoturizm fəaliyyəti təbiətin qorunması prinsiplərinə uyğun şəkildə həyata keçirilir və ziyarətçilərin həssas ekosistemlərə təsirinin minimuma endirilməsi əsas məqsəd kimi müəyyən olunur.

Qızılağac Milli Parkının florası
Qızılağac Milli Parkının florası su-bataqlıq və sahilyanı bitki növləri ilə zəngindir. Burada Xəzər şanagülləsi, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış və dəniz lığvəri kimi bitkilər geniş yayılmışdır. Bu növlər su mühitinə uyğunlaşmış və ekosistemin davamlılığında mühüm rol oynayır.
Park ərazisində həmçinin Qafqaz endemikləri və Azərbaycan endemiki olan nadir bitkilər qeydə alınmışdır. Bu fakt Qızılağac Milli Parkının botaniki baxımdan xüsusi əhəmiyyətə malik olduğunu göstərir.

Qızılağac Milli Parkının faunası
Qızılağac Milli Parkı zəngin fauna müxtəlifliyi ilə tanınır. Burada adi turac, qamışlıq fərəsi və kiçik ağ vağ kimi quş növləri ilə yanaşı, çöl donuzu və canavar kimi məməlilər də yaşayır. Park xüsusilə su quşları üçün mühüm yaşayış və qidalanma mühitidir.
“Qırmızı Kitab”a daxil edilmiş qamışlıq pişiyi, adi qızılqaz, ağqaş qaz və mərməri ördək kimi növlərin mövcudluğu parkın biomüxtəlifliyin qorunmasında strateji rolunu təsdiqləyir.



















