Azərbaycanın yeraltı suları

Məlumdur ki, Azərbaycan Respublikası ərazisində istifadəyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Orta illik həcmi 36 mlyd. m3-ə yaxın olan su ehtiyatlarının 21 mlyd. m3–i ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycan əhalisinin su təchizatında müstəsna rol oynayan iki əsas çayın – Kür və Arazın hövzələri bütünlüklə Ermənistanın ərazisini, Gürcüstan ərazisinin böyük bir hissəsini,  eləcə də Türkiyə və İran ərazisində xeyli sahəni əhatə edir və  Azərbaycannın sərhədlərini keçənə qədər artıq ciddi çirklənməyə məruz qalmış vəziyyətdə olur. Azərbaycan ərazisində su ehtiyatlarından içmək və təsərrüfat məişət ehtiyatları ilə yanaşı suvarma əkinçiliyi və kənd təsərrüfatının digər sahələrində, balıqçılıq, hidroenergetika, ekoloji və digər məqsədlərlə geniş istifadə olunur. Respublika ərazisində yerüstü su ehtiyatlarından illik istifadə 11-12 mlyd. m3 -ə yeraltı su ehtiyatlarından illik istifadə isə 2,5-2,8  mlyd. m3 -ə yaxındır.

İstifadəyə yararlı şirin (minerallaşma dərəcəsi 1,0 q/l-ə qədər) və az minerallaşma (1-3q/l) malik yeraltı sular respublika ərazisində Paleozoy yaşlı süxurlardan başlayaraq müasir dövr çöküntülərinə qədər bütün genetik tiplərdə intişar taparaq ölkəmizdə dağlıq və dağətəyi bölgələrində qeyri- bərabər yayılmışdır. Dağətəyi və düzənlik bölgələrin yeraltı suların regional istismar ehtiyatları Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən qiymətləndirilmiş, bəzi bölgələr (Qarabağ-Mil,Gəncə-Qazax) üzrə isə son dövrlərdə yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədi ilə hidrogeoloji tədqiqatlar aparılmışdır. Şirin və az minerallaşmaya malik yeraltı suların regional istismar ehtiyatları Alazan-Əyriçay, Samur-Şabran, Şirvan, Qarabağ-Mil, Gəncə-Qazax, Naxçıvan, Lənkəran və s. dağətəyi düzənlikləri üzrə keçmiş SSRİ-nin və Azərbaycan SSRİ-nin  ehtiyatlar komissiyasında təsdiq olunmuş və ya sınaqlanmışdır.

Regional istismar ehiyatları hüdudlarında (bəzi hallarda isə yeni sahələrdə) respublikanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin suya olan ehtiyaclarını ödəmək məqsədi ilə dəqiq hidrogeoloji kəşfiyyat işləri aparılmış, mərkəzləşmiş və qrup su götürücüləri üzrə istismar ehtiyatları uyğun olaraq hesablanmış və təsdiq olunmuşdur. Hazırda Respublikanın 35-dən çox şəhər və qəsəbələrində əhalinin su ilə təchizatı tam və qismən yeraltı suların hesabına ödənilir. Bura Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Ağstafa, Bərdə, Tərtər, Naxçıvan, Ordubad və s. aiddir.

Dağlıq bölgələrdə yeraltı suların proqnoz ehtiyatları inzibati rayonlar üzrə qiymətləndirilmiş və bütövlükdə 1806,9 min m3/gün təşkil edir. Qeyd etmək lazımdır ki, respublikanın düzənlik və dağətəyi bölgələrindən fərqli olaraq dağlıq bölgələrdə yeraltı suların ehtiyatlarını qiymətləndirmək istiqamətində hidrogeoloji tədqiqatlar tam aparılmamışdır. İsmayıllı, Quba, Qusar, Lerik, Yardımlı, Qazax, Tovuz  və digər rayonların dağlıq ərazilərində yeraltı suların ehtiyatları qiymətləndirilməmişdir.

Son illərdə yeraltı suların axtarışı və kəşfiyyatı istiqamətində, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Respublikanın qərb rayonlarının (Ağstafa, Tovuz, Şəmkir, Samux) qış otlaqları yerləşən Ceyrançöl ərazisində, yerli əhalinin xüsusilə də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı İsmayıllı, Beyləqan, İmişli həmçinin  Lerik, Yardımlı, Xızı rayonları ərazilərində və Ağcabədi rayonunun “Hərəmi” sahəsində qabaqlayıcı geofiziki tədqiqatların müşayəti ilə müxtəlif məqsədlər üçün istifadəyə yararlı yeraltı su mənbələrinin axtarışı aparılmışdır. Hal-hazırda bu istiqamətdə axtarış-qiymətləndirmə işləri Şəki rayonunun dağətəyi, Siyəzən-Quba rayonlarının dağliq və dağətəyi (Ataçaydan Vəlvələçaya qədər) və Cəlilabad rayonları ərazisində davam etdirilir.

Ümumilikdə respublika üzrə müxtəlif illərdə aparılmış hesablamalara əsasən yeraltı suların regional istismar ehtiyatları – 23764,28 min m3/gün ( və ya ildə 9 mlrd. m3) təşkil edir. Ehtiyatlar Komissiyasında  təsdiq olunmuş -12079,4 min m3/gün, o cümlədən dağlıq bölgələr üzrə - 126,4 min m3/gün. Bu ehtiyatlardan 1592,1 min m3/gün  həcmində yeraltı suların ümumi minerallaşma 1-3 q/l arasındadır ki, bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə oluna bilər.

Azərbaycan Respublikası ərazisində termal və sənaye sularının ümumi ehtiyatları – 419093 m3/gün hesablanmışdır.

Yer təkinin istilik enerjisindən xalq təsərrüfatının müxtəlif sahələrində (istixana, sanatoriya və s.) istifadə edilməsinin mümkünlüyünün və istiqamətlərinin müəyyən edilməsi məqsədilə yer təkinin istilik enerjisinin əsas daşıyıcıları olan yeraltı termal suların yayılma şəraiti, sulu komplekslərin hidrodinamik, hidrokimyəvi və hidrotermik xüsusiyyətləri öyrənilmişdir.

Bundan əlavə Azərbaycan Respublikası ərazisində mövcud olan 16 ədəd müalicə-süfrə və 14 ədəd müalicə əhəmiyyətli mineral su mənbələrində (İlisu, Çaqan, Çuxuryurd, Sirab (4 yataq), Vayxır (2 yataq), Badamlı (2 yataq), Darıdağ, Şırlan, Turşsu, Minkənd, Yuxarı İstisu, Aşağı İstisu, Tutxun, Mozçay, Qoturlu, Keşdək, Qarasu, Qalaaltı, Meşəsu, İbadısu, Suraxanı, Mərdəkan¸ Pirşaqı Buzona, Bilgəh) hidrogeoloji tədqiqatlar aparılmış və onların istismar ehtiyatları hesablanmış və keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.

https://eco.gov.az/az/tebii-servetlerimiz/yeralti-sular