Qırmızı kitab
Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Fauna və flora növlərinin mühafizə olunmasının effektiv üsullarından biri “Qırmızı kitab”ın təsis edilməsidir. Hələ 1977-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir.
Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilmiş Azərbaycan SSR-in bitki və heyvanlarının “Qırmızı kitab”ının I nəşrində təsbit edilmişdir. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilmişdir.
“Qırmızı kitab”ın II nəşri 2013-cü ildə hazırlanmış və 2 cilddə (1-ci cild flora, 2-ci cild fauna üzrə) çap edilmişdir. II nəşrə 223 fauna və 300 flora növü daxil edilmişdir.
Ümumilikdə “Qırmızı kitab”ın son nəşrində (2023-cü il) nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna: 152 onurğalı, 89 onurğasız və 460 flora: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun; 37 göbələk növləri öz əksini tapmışdır. Həmçinin ilk dəfə tərtib olunan çəhrayı siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü daxil edimişdir.