Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşların istifadə olunmuş kağızları Bakı şəhərindəki ASAN xidmət mərkəzlərinin qarşısında quraşdırılmış məntəqələrə təhvil verməsi nəzərdə tutulub. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır.
Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağacların kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkilməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.
İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən start verilmişdir.